157 il ömür yaşayıb


Zaro Ağa həyatı boyunca 6 müharibə, 10 Osmanlı padşahı, 28 sədr-əzəm və 1 cümhurbaşqanı görüb
 

  157 illik ömür yaşadığı iddia edilən bitlisli Zaro Ağanın neçə yaşında vəfat etdiyi hələ də mübahisəlidir. Yaş kağızına görə, Zaro Ağa 157 il yaşayıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, İstanbul Eyup Sultan məzarlığında Zaro Ağaya aid məzarın baş daşında "Bitlisli Şəmsi Ağa oğlu 160 yaşında ölən Zaro Ağanın ruhuna Fatihə" yazılıb. Lakin Amerika tədqiqatçısı, gerontolog Valter Boverman 1939-cu ildə yayınladığı bir araşdırma sənədində Zaro Ağanın vəfat edən zaman 157 deyil, 97 yaşında olduğu qeyd edilir. Zaro Ağa həqiqətən neçə il və necə yaşayıb? Deyilənə görə, Zaro Ağa uzun ömür sürmək üçün xüsusi bir yol, üsula əl atmayıb. Sadəcə həyatını, bildiyi kimi yaşayıb. Amma adı dünyada məşhurlaşıb. Xarici mətbuat da onun haqqında yazıb. Zaro Ağanın 1774-1777-ci illər arasında Bitlisin Mutki bölgəsi, Meydan kəndində dünyaya gəldiyi iddia olunur. Yəni 18-ci əsrdə dünyaya gəlib, 20-ci əsrdə dünyadan köçüb. Həyatı boyunca 6 müharibə, 10 Osmanlı padşahı, 28 sədr-əzəm və 1 cümhurbaşqanı – Mustafa Kamal Atatürkü görmüş Zaro Ağanın böyük nüfuz sahibi olduğu, ağsaqqal hesab edilərək məsləhət, məşvərət üçün ondan məsləhət alındığı, mübahisələri həll etdiyi deyilir. Zaro Ağa 18 yaşında İstanbula köçüb. 1853-cü ildə Ortakköy Camenin inşaatında çalışıb. Harda çörəkpulu varsa, orda işləyib. 1800-cü illərin başlanğıcında Nizami-Cədid əsgərləri üçün inşa edilən düşərgənin tikintisində də çalışıb. 23 yaşında Akkada Cezzət Əhməd Paşanın komandanlığı altında Napolyona qarşı da döyüşüb. Yeniçərilər üsyanının yatırılmasından sonra məhz yeniçərilərin xatirəsinə inşa edilən Nüsrətiyyə Camesinin tikintisində də işləyib. Yeri gələndə hamballıq da edən Zaro kahya mərtəbəsinədək yüksələ bilib. Zaro Ağa Osmanlının çöküşünü də, Cümhuriyyətin qurulmasını da, İstanbulun işğalını da gördü. Qurtuluş Savaşından sonra zəfər günü üçün kəsilən qurbanlıqlarının bıçağı Zaro Ağanın əlində oldu. Atatürkün əmriylə Zaro Ağaya 100 lirə müavinət də təyin edilib. Ömrü uzun olsa da, sağlığında heç bir problem yaranmayan Zaro Ağa bu mənada da diqqətləri üzərinə çəkib. Xarici mətbuat, “New-York Times” onunla bağlı reportaj hazırlayıb. Həyat sirlərini öyrənməyə çalışan tədqiqatçılar Zaro Ağanı reklam simasına çevirir,  müxtəlif tədbirlərə dəvət edirdi, o da bu fürsətdən yararlanıb ticarətini genişləndirirdi. Nəhayət, Zaro Ağanın uzun və sağlam ömür sürməsinin səbəbi kimi fındıq göstərildi. Xarici ölkələrə də dəvət edilən Zaro Ağa müsahibələrində təbii qidalara üstünlük verdiyini deyirdi. Hətta reklam kampaniyalarının birində “Zaro Ağa kimi türk üzümü və fındığı, zeytun yağı və İzmir ənciri yeyənlər onun kimi sağlam və uzunömürlü olacaq” şüarı da yazılıbmış. Qəzetçilərin “elə sağlam həyat sürməyi necə bacarırsınız” sualına Zaro Ağanın cavabı isə “bol-bol qatıq yeyirəm” olmuşdu. Zaro Ağa 11 dəfə evlənib, 13 övladı olub. İstanbulun Topxana səmtində kiçik bir evdə yaşayıb, 1934-cü ildə vəfat edib. Vəfatından sonra aparılan tibbi ekspertizada Zaro Ağanın vərəm xəstəliyi, ürəkdə genişlənmə, beyin damar tıxanıqlığı və 3 böyrəyinin olduğu müəyyənləşib.