İdmançını parçalamış ayını bağışladılar


Vəfat etmiş Andreanın ailəsi ayının öldürülməsinə etiraz edib

  İtaliyanın şimalındakı Trento Muxtar Bölgəsində, Alp dağları ətəklərində qaçış ustası Andrea Papi qəflətən bir ayının hücumuna məruz qalıb. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Andrea Papi Alp ərazisindəki Caldes qəsəbəsi yaxınlığında məşq edib. Dişi ayı bu zaman ona hücum edib və idmançını ağır yaralayıb. Aldığı yaralardan idmançı vəfat edib. Kişinin cəsədini aşkarlayan yerli polis onun ayı hücumu nəticəsində öldüyünü təsdiqləyib. “Jj4” adı verilmiş ayının ərazidə təqibi başladılıb. 

Ov itlərinin köməyi ilə Trento yaxınlığındakı Madonna di Campiglio bölgəsində 1400 metr yüksəklikdə ayının izinə düşüblər və orada tələ qurulub. Bir müddət sonra ayı tələyə düşüb. İdmançıya hücum etmiş ayının 17 yaşlı dişi olduğu müəyyənləşib.  Muxtar bölgə başqanı ayı harda görünsə, dərhal vurulması göstərişi verib. Lakin vəfat etmiş Andreanın ailəsi ayının öldürülməsinə etiraz edib. 

Ələ keçirilən ayı Castellər vəhşi təbiəti qoruma sığınacağına təslim edilib. Bölgədə 2020-ci ildə də oxşar faciənin yaşandığı bildirilir. Lakin o zaman da məhkəmə ayıların məhv edilməsi qərarını ləğv edib.