Bir pişik həyatını dəyişdi - FOTOLAR


Fahriyə nənəni indi milyonlar izləyir

  Mərd Yıldız Türkiyənin Amasya bölgəsi, Taşovada  ictimai birlikdə çalışır. Heyvanlarla mərhəmətli davranan, onları bəsləyən Mərd “Minnoş” adı verdiyi pişiklə fotolarını sosial mediada paylaşır, müsbət rəylər alır. Mərdin heyvanlara olan sevgisi bir gün yolunu Fahriyə nənəylə kəsişdirib. Fahriyə nənənin də onun kimi heyvansevər, aldığı cüzi təqaüdlə küçə heyvanlarını bəslədiyini gördükdə, onu ölkəyə tanıtmaq qərarına gəlib. “Şərq” “Milliyet.com”a istinadən Mərd Yıldızın Fahriyə nənə barədə danışdıqlarını təqdim edir. M.Yıldız Fahriyə nənəylə 2 il əvvəl tanış olub.



 
“Ərazidə gəzişərkən bir yaşlı qadının pişikləri yemlədiyini gördüm. Bir müddət onu müşahidə etdim. Hər gün pişikləri yedirir, tumarlayır, əzizləyirdi. Ona yaxınlaşıb tanış oldum. Mehriban bir insan olduğunu gördüm. Onunla ana-bala kimi olduq, mən də ona qoşuldum, yaxınlıqdakı marketdən pişik yemləri alaraq küçədəki pişikləri yemləyə başladıq.  Bir gün də pişikləri yemlədiyi zaman videosunu çəkdim, sonra paylaşdım. 300 izləyicim vardı. Bu videonu paylaşdıqdan sonra isə bir günün içində izləyicilərimin sayı 300-350 mini ötdü. İzləyici sayı sürətlə artırdı. Bu durum məni həyəcanlandırdı. Getdikcə izləyicilərim daha da artdı. 1-2 milyona çatdı. Bu anda sosial media hesabımda 11 milyon aktiv  izləyicim var”, deyən Mərd Yıldız Fahriyə nənənin yalnız yaşadığını, küçə heyvanlarına meyl saldığını söyləyib. Fahriyə nənənin həyat yoldaşı vəfat etdikdən sonra tənha qalıb. Günün böyük hissəsini mənzilində və bağçada bəslədiyi pişiklərə həsr edir. Onlara “Ramuk”, “Mərcan”, “Boncuk” adları verib. Amma Mərdin çəkdiyi video sosial mediada yayıldıqdan sonra Fahriyə nənənin də həyatı dəyişib. Videoları izləyən bir çox insan Mərd vasitəsilə Fahriyə nənəylə əlaqə qurmaq, pişik yemi almaqda nənəyə yardım etmək istədiklərini bildiriblər. Mərd isə onlara ictimai işçi olduğunu və yardım toplamaq hüququnun olmadığını deyib. Nənəyə yardım etmək istəyənləri Taşova məhəlləsinə dəvət edib. Bundan sonra Fahriyə nənənin ziyarətçiləri gündən-günə artmağa başlayıb. Ona hər cür yardım gətirib, kömək etməyə başlayıblar. Hətta İstanbuldan bir vəkil ailəsi Taşovaya gələrək Fahriyə nənə hədiyyələr gətiriblər, evində, bağçasında təmizlik işləri görüblər. “Bu durum məni çox xoşbəxt edir. Fahriyə nənə az miqdarda təqaüdü ilə dolanır. Kimsədən indiyədək yardım istəməyib. İnsanlar onun yanına gəlib halını soruşursa, bu onu xoşbəxt edir. Fahriyə nənənin maddi yardıma deyil, səmimiyyətə, mənəvi dayağa, sevgiyə ehtiyacı var. Gələnlərin onunla 5 dəqiqə söhbət etməsi yetərlidir ki, nənənin üzü gülsün”.