Ənənə dəyişmədi, dənizə atıldı 

Bodrum sakinləri Fedonun dənizə nə zaman atılacağını səbirsizliklə gözləyirdi

  Bodrum sahillərində mövcud olan ənənə bu il də pozulmayıb və çimərlik mövsümü 77 yaşlı ifaçı Fedonun dənizə baş vurmasıyla açıq elan edilib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, ifaçı dənizə atıldığı anların əks olunduğu videonu sosial media hesabında paylaşaraq belə mesaj yazıb: “Və Fedon dənizə düşdü.  Fedonun izləyiciləri isə “indi iş tamamdır”, “Yaz mövsümü rəsmi olaraq açılmışdır”, rəyləri yazıb. 77 yaşlı ifaçı Bodrumun Torba məhəlləsində yaşayır. O, daha çox meyxana musiqisi ifaçılığıyla tanınır. Fedon Kalyonçunun hər il Bodrumda çimərlik mövsümünü dənizə atılaraq açması ənənə halını alıb. Bodrum sakinləri Fedonun dənizə nə zaman atılacağını gözləyir və bununla da yay mövsümünün başlanmasını qeyd edirlər.  İfaçının səhhətində 4 il əvvəl problem yaranıb. Böyrəyində şiş aşkarlanıb. Müsahibələrinin birində ifaçı deyib ki, həyatda baş verə biləcək hər bir hadisəyə hazır olmaq lazımdır: “Xəstəliklər artacağı yaşdayam. Köhnə avtomobilin əvvəlcə kapotu çürüyür, sonra motoru yağ axıdır… Bunları bilən və gözləyən insanam. Yaşlanmışam, xəstəliklər də gəlir. Mübarizə aparıram. Dirəşirəm. Xərçəngə tutuldum, böyrəyimin yarısı getdi… Ölümdən qorxmuram. Tək istəyim budur ki, həyatda sürünməyim, başqa arzum yoxdur. Ölüm Allahın əmridir. Xəstə ola-ola mənim kimi xoş güzəran keçirən, işləyən, çalışan biri yoxdur. İmkanım nəyə çatırsa, günümü xoş keçirməyə çalışıram. Geyinib-bəzənib gəzməyə çıxıram. Amma əvvəlki kimi deyiləm, yoruldum artıq”.  77 yaşlı ifaçının oğlu Teo ilə paylaşımı isə isləyiciləri heyrətləndirib. Şəkildə Fedon oğlundan çox da fərqlənmir. İzləyicilər də “Bunlardan hansı ata, hansı oğuldur? Ayıra bilmədik” mesajını yazıblar.