Yaşı 100-ü keçib - Bura “Qazax Müəllimlər Seminariyası”nın binasıdır

"Qori Müəllimlər Seminariyasının Qazaxda bölməsi açılanda Xalq şairi Səməd Vurğunun 12 yaşı olub"


May ayının ikinci həftəsidir. Müsəlman aləmində Ramazan bayramı qeyd olunur. Mənim də gözümə işıq gəlib, yaman sevincliyəm. Nə yalan deyim, dindar deyiləm. Bu müqəddəs bayramın məni sevindirən tərəfi 7 günlük tətilə vəsilə olmasıdır. Qeyri-rəsmi iş günü olan kimi Bakının səs-küyündən qaçıb doğma diyara yollandım. Və həm ziyarət, həm ticarət etmək qərarına gəldim.
Vətənin qərbini qarış-qarış gəzməyi, bir-iki reportaj yazmağı planlaşdırdım. Ağlımdakı yerləri gedəcəklərim  siyahısına əlavə etdim. 
Birincisi, “Qazax müəllimlər seminariyası”nın binasıdır. 

Yaşı 100-ü keçən bu bina mənə olduqca maraqlıdır. Vədə yetişir, Ağstafadan Qazaxa tərəf yol alıram. Səbəbsizcə həyəcanlı və sevincliyəm. Düzü, keçirdiyim hisslər mənə uşaqlıq illərimdən tanışdır. O vaxtı nənəmlə Qazaxa tez-tez gedərdik. Qazax-Ağstafa avtobusunda pəncərənin yanında özümə yer tapar, gözümü yola zilləyərdim. Yolboyu sıralanan dağları izləməkdən doymazdım. Ən çox da yaz-yay aylarında gözəl olur biz tərəflər. Yaşıllıq, çəmənlikdə cücərən sarı, mavi çiçəklər, lalələr doğma diyara bir başqa yaraşır. Nə başınızı ağrıdım... İctimai nəqliyyat işləmədiyindən  Qazax-Ağstafa avtobusundakı yerimi ala bilmədim. Amma taksidə vərdişimə əməl etdim. 

Nəhayət ünvana çatdıq. Maşın Qazaxın məşhur “Fəxri qazaxlılar” parkının yanında  dayandı. Parkdan daha sonra danışacağıq. İndi isə seminariyanın binasını tapmaq kimi vacib işimiz var. Maşından düşüb bir az piyada yol getdik. Yanlış istiqamətdə irəlilədiyimizi anlayıb, bir nəfərdən ünvanı soruşmalı olduğumuzu düşündük. Kölgədə durub müştəri gözləyən taksi şoferlərindən məkanın yerini müəyyənləşdirdik. “Məscidin qarşısındadır”- dedilər. Yavaş-yavaş addımladıq. Qazaxın necə gözəl olduğunu düşünə-düşünə irəliləyirdim. Qırmızı kərpicdən tikilmiş evlər, taxta eyvanlı mənzillər şəhərin gözəlliyinə gözəllik qatır. Yolun kənarındakı mavi taxta bina diqqətimi çəkir.  Dayanıb fotosunu çəkirəm. Sonra yola davam! 
Müharibə veteranlarının və iştirakçılarının istirahəti üçün bir yer hazırlanıb. Çayxanaya bənzəyir. İçəridə yaşı 70-80 arası dayılar əyləşib, nərd oynayır, yaxud da çay içirlər. Nə yaxşı düşünüblər. Onlar üçün xüsusi məkanın olması təqdirəlayiqdir. 

Məscidə doğru gedirik. Artıq həmin küçədəyəm. Sağ tərəfdə məscid, onun qarşısında isə Şəhidlər xiyabanı var. Burada şəhid qardaşlarımızın adları əbədiləşdirilib. Bir az qabaqda isə “Qazax müəllimlər seminariyasının” binası yerləşir.  Küçənin adı da “Şəhidlər xiyabanı”dır. Minbir ümidlə addım-addım seminariyaya tərəf yürüyürəm. 

Qeyd edək ki, 1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür. SSRİ dövründə 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köcürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firudin bəy Köçərlinin çox böyük xidmətləri olub. Qori Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk Qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H.Şıxlınski və yerli hökumətin məmurları iştirak edib. Bundan başqa Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firudin bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Lakin 1920-ci ildə Firudin bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir.

Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. Görülən təcili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşa və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi. 

İstər Bakıdan rayona, istərsə də Ağstafadan Qazaxa gedəndə ağlımda bir hekayə dolanırdı. Qori Müəllimlər Seminariyasının Qazaxda bölməsi açılanda Xalq şairi Səməd Vurğunun 12 yaşı olub. Anasını tez itirən S.Vurğun nənəsi Aişənin himayəsində böyüyüb. Seminariya Qazaxda fəaliyyətə başlayanda nənəsi balaca Səmədin əlindən tutub bura gətirir. Firudun bəy xəstə, arıq, qızdırmadan rəngi solmuş Vurğuna baxıb nənəsi Aişəyə deyir:

- Arvad, bu uşağı illət basıb öldürür, bu oxuya bilməz, bundan bir şey çıxmaz, - deyə onu qəbul etmək istəmirdi.
Aişə xanım isə söyləyir:

- Firudin bəy, mənə yazığın gəlsin, bu uşaq nəvəmdir, anadan yetim qaldığına görə bu günə düşüb, - deyə yalvarırdı.
Onun yalvarışları nədənsə Firudin bəyə təsir etmir.

Səməd sağ əlini sol döşünün üstünə qoyub ürəyinə işarə edərək, çox ahəstə bir səslə:

- Ah! A Firudin bəy, bircə bilsəydin ki, burda, bu ürəkdə nələr var...

F.B.Köçərli Səməd Vurğunun cavabından sonra onu seminariyaya qəbul edir. İndi mən də düşünürdüm... düşünürdüm ki, qapıdan içəri daxil olanda Firudun bəy belə fikirləşəcək. Deyəcək ki, bu cılız, balaca qız seminariyadan nə yazacaq axı? Mən də Səməd Vurğun kimi eyni tərzdə dayanıb, başımı göyə qaldırıb söyləyəcəm ki, siz bilsəydiniz, bu ürəkdə nələr var... Təbii dialoqumuz xəyalən alınacaqdı. Lakin olmadı! Qədər-qismət deyək.  Ölkədə qeyri-rəsmi iş günü olduğundan binada kimsə yox idi. Qapısına isə böyük bir qıfıl vurmuşdular. Yenə də  əliboş qayıda bilməzdim. Çöldən binanın fotolarını çəkdim, divarlarına diqqətlə baxdım. Bir dayı yaxınlaşdı, soruşdum ki, bu gün gələn olarmı? “Yox”-dedi. Söylədi ki, yaxın zamanda  “Qazax müəllimlər seminariyası”nın ildönümü olacaq, gəlib çəkiliş ediblər. Mən də binanın daşını, divarını nəzərdən keçirirdim. Gözümün önündə o zamanlar canlanırdı. 

 Bir az da ətrafında dolandım.  Çöldən içəri boylandım. Bina ikimərtəbəlidir, bəyaz rəngdədir. Elm ocağına yaraşan kimi. Şəhərin ortasında parıldayır, işıq saçır! Biz orada ikən bir neçə nəfər də gəldi, onlar da məyus qayıtdılar. 

Onu da deyim ki, bina indi də təhsil ocağı kimi fəaliyyət göstərir. 
 Yolüstü bir az əvvəl bəhs etdiyim “Fəxri qazaxlılar” parkına baş çəkdim. Burada Qazaxın tanınmış şəxsiyyətlərinin büstləri qoyulub. Onlara Əliağa Şıxlınskini, Vaqif Səmədoğlunu, Aşıq Ədaləti misal göstərmək olar. Parkda bir xeyli adam oturub. Hamısının başı söhbətə qarışıb. Sizə bir sirr verim, aramızda qalsın.

Qazaxda açıq havada maska taxılmır. O məlum qayda bura da aiddir. Fəqət belə gözəl havada aptek qoxulu maska ilə nəfəsimizi həbs etmək təbiətə haqsızlıq olar. Ona görə buradakılar təmiz havanın dadını çıxarırlar. Məndə isə Bakıdan vərdiş qalıb, maskanı çıxarmamışdım. Həmvətənlərim elə maraqlı gözlərlə baxırdılar ki, sonradan maskasız dolaşmaq yadıma düşdü. Gənc yaşda itirdiyimiz yazıçı Mövlud Mövlud bir hekayəsində Qazaxı “Təəccüblənənlər yurdu” adlandırmışdı. Ağlıma onun sözü gəldi. Bu dəfə də mən mavi rəngli maskamla doğma qazaxlıları təəccübləndirdim. 

“Fəxri qazaxlılar” parkını da seyr edib yola düşürəm. Evə dönmək gərək. Qazaxa gəlib bazardan qatlama almadan qayıtmaq olmaz. 
Bu yerlər mənə o qədər doğmadır ki. Uşaqlıq çağlarımın ətri duyulur. Həmişə nənəmlə Qazax-Ağstafa avtobusundan düşüb bazarın yanındakı dayanacaqda kənd marşrutunu gözləyirdik.

Buradan Qazaxbəyliylə getməli idik. Dayanacağın yanındakı binanın üstü çayxana idi, hələ də elədir. Aşağıda bir xala oturardı, dəqiq  yadımda deyil, tum, ya bulka satırdı. Nənəmin əlindən bərk-bərk yapışıb avtobusun gəlməyini gözləyirdim, səbirsizlənərdim. Gələndə də həmişəki kimi pəncərənin yanındakı oturacaqda əyləşərdim.

Mən yola boylanardım, nənəm də illər öncə birgə yaşadığı qonşuları ilə danışardı. Keçmişdən, indidən...yolboyu söhbət edərdilər. Onların şirin ləhçəli dialoqları nəğmə kimi səslənərdi. Sanki tamam başqa dünyadan söz açırdılar. Mənim isə dərdim yolu izləmək idi.  

Qazaxda ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılan təyyarə-heykəl abidəsi var. Kənd avtobusu onun yanından keçərdi. O heykəli görmək üçün can atardım. Deyəsən, həmin abidənin yeri sonradan dəyişdirildi. Marşrut irəlilədikcə Göyəzən dağı görünərdi. Elə gözəl mənzərələr idi ki...

Bunları xatırlaya-xatırlaya qatlama alıb, taksiyə zəng etdim. Hansısa bir qüvvə məni uşaqlıq illərimdə səyahət etdirib, yenidən 21-ci əsrin pandemiya dövrünə qaytardı. 

Xülasə, siz yazdıqlarımı oxuyun, mən də  qatlamamı yeyim...