Saturn yerində imiş... -Şamaxı rəsədxanasından reportaj


Bu günlərdə iki günlük istirahətdən istifadə edib Şamaxıya, Pirquluya getdim. Səfər normal, sıradan yolçuluqlardan biri idi. Lakin məhz Nəsrəddin Tusi adına Şamaxı rəsədxanasında gördüklərimdən sonra indi oxuduğunuz reportajı yazmağı qərara aldım.
Əlbəttə, Şamaxıya gedib, rəsədxanaya baş çəkməmək doğru olmazdı. Düzü, belə bir fikrim yox idi. Sadəcə restoranların birindəykən yan masadakı kişinin yoldaşlarına dediyi “Mən artıq qalxım, axşam müşahidəm var” sözləri diqqətimi çəkdi. Şübhəsiz ki, söhbət səmanı müşahidədən gedirdi.
Beləliklə, yerli vətəndaşlardan rəsədxanaya nə vaxt getmək lazım olduğunu öyrənirəm. Uyğun zamanın saat 23 olduğunu deyirlər. Çünki qaranlıq düşməlidir. O vaxtadək birtəhər başımı qatıram.

Görəcəklərim isə məni səbirsizləndirir...Axı həmişə digər planetlərdə də həyatın olub-olmaması barədə fikirlər eşidirik. İndi, nəhayət, onlardan heç olmasa, bir neçəsini görə biləcəm.

11-ə qalmış rəsədxanın həyətində oluram. Xeyli adam var. Sıranın ucu-bucağı görünmür. Görünür, kəhkəşan çoxlarına maraqlıdır. 50 yaşlarındakı bir kişi irəli keçir. Özünü təqdim edir. İlk baxışdan insanda xoş təəssürat yaradan İbrahim Hüseynov rəsədxanın ümumi işlər üzrə direktor müavinidir. Onun sözlərinə görə, indi ancaq Saturnu izləyə biləcəyik. Yupiteri isə saat birdən sonra müşahidə etmək mümkündür. Qısa məlumatdan sonra qapı açılır. İnsanlar təxminən 8-10 nəfər olmaqla içəri buraxılır. Qapıda dayanan nəzarətçilər sıxlığın yaranmamasına xüsusi nəzarət edirlər. Bu, həm də yayılmaqda davam edən, necə deyərlər, bizə gün verib, işıq verməyən koronavirus pandemiyası ilə əlaqəlidir. Hər halda kimsə “qaş düzəltdiyi yerdə göz çıxarmaq” istəməz...

Növbədə dayanan digərləri kimi mən də səbirsizlənirəm. Ümumiyyətlə, heç vaxt gözləməyi sevməmişəm. Elə indi də bəzən çıxıb getmək barədə düşünürəm. Görəcəklərim nə qədər qeyri-adi ola bilər?.. Qəribədir, hər dəfə arxamdakılardan icazə alıb geri dönmək istəyəndə içəridən kimlərsə çıxır, sıra bir az da irəli gedir və növbəm bir az da yaxınlaşır.
Rəsədxanadan çıxanlar dərhal öz təəssüratlarını bölüşürlər. Bir kişi əlini göydəki ulduzlara tutaraq and-aman edir: “Onları necə görürsünüzsə, teleskopla da belə görünür...”.
Məndən arxada dayanan gənclər tədricən hövsələdən çıxırlar. Bu, açıq-aydın sezilir. Biri zarafatla digərinə deyir: “Camaat içəridə bu qədər neyniyir axı? Baxdın, gördün, çıx da...Heç Nəsrəddin Tusi bu qədər çox müşahidə etmirdi, bəlkə...”. Qeyri-iradi mənim də dodağım qaçır, gülümsəyirəm.
Vaxtımı keçirməkdən ötrü telefonda qeydlər edirəm. Çox keçmir ki, dolu bir qadın insanları itələyə-itələyə içəri keçir. Özü də növbə gözləmədən. Üstəlik, bu azmış kimi sıranı da pozur. Baxan elə bilər ki, Saturna bilet alıb və təyyarə bu dəqiqə havaya qalxacaq. Gülməli gəlsə də, qadının hərəkətinə ancaq belə məntiqli izah vermək mümkündür. Daha gülməlisi isə cəmi on dəqiqə sonra həmin qadının dodaqaltı gileylənə-gileylənə çölə çıxmasıdır: “Noxud boyda şey görünür...”. Adama sual verərlər: nə gözləyirdin?

Növbəti epizodda özümü saxlaya bilməyib əməlli-başlı gülürəm. Bir kişi yenə and-aman eləyə-eləyə çölə çıxır. Bilmirsən məqsədi nədir. Elə bu vaxt növbədə gözləyənlərdən birinin ritorik sualı mənim kimi çoxlarının da “ürəyindən tikan çıxarır”: “Bilsə idiz getməzdiz, eləmi?”. Yəni özün gördün, oldu, yaxşı. Di, başqalarını həvəsdən salma. Görünür, kişi isterikanı başa düşmür və yenə də nəsə nəsə danışa-danışa izdihamı yarıb, gözdən itir.
...Nəhayət, növbə mənə çatır. 6-7 nəfərlə birlikdə içəri keçir və ensiz pilləkənlərlə yuxarı- ikinci mərtəbəyə qalxıram. Mühafizə əməkdaşı tibbi maskalarımızı taxmağı xahiş edir. Hər kəs bunu anlayışla qəbul edir. Bələdçi əvvəlcə bizə müşahidə edəcəyimiz planet haqqında məlumat verir: “Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planetdir. Radiusu Yerin radiusundan doqquz dəfəyədək böyükdür. Həcmi isə bizim planetdən 95 dəfə çoxdur...”.

Teleskopdan istifadə qaydasını izah etdikdən sonra bir-bir aparatın arxasına keçirik.  Planeti fərqli məsafələrdən göstərən hər iki “gözlük”dən baxıram. Doğrudur, o qədər də böyük görünmür. Lakin, əlbəttə, bundan artığını gözləmək də doğru olmazdı. Saturnda meşə, çay, dərə-təpə...axtarası deyilik ki...Öz-özümə düşünürəm ki, görəsən, orada həyat varmı? Nə bilmək olar. Yoldaşlardan biri ilə nə vaxtsa aramızda olan söhbəti xatırlayıram. “Mən aydan gəlmişəm...” demişdi. Əlbəttə, bu, sadəcə zarafat idi. Amma hamının istəyəndə gedəcəyi bir başqa planet olsa, yaxşı olmazdımı? Həm də nə bilmək olar, bəlkə də, Hötenin dediyi kimidir: bu dünya başqa bir planetin cəhənnəmidir.

Üç dəqiqə keçmir ki, nərdivandan düşürəm. Yenidən pilləkənlərlə aşağı enir və həyətə enirəm. Təsadüfən rəsədxanın direktoru professor Namiq Cəlilovla rastlaşıram. Əvvəllər bir neçə dəfə gördüyümə görə tanıyıram. Özümü təqdim edir, jurnalist olduğumu deyirəm. O da öz növbəsiində mənə rəsədxana haqqında məlumat verir: “1959-ci ildə yaradılıb. Ondan altı il əvvəl isə burada müşahidə bazası qurulub. Şamaxı Astrofizika Rəsədxanasında yetişmiş alim və mütəxəssislər bu gün dünyanın bir çox ölkələrinin, o cümlədən ABŞ, İsrail, Ukrayna, Rusiya, Türkiyənin elmi müəssisələrində fəaliyyətlərini uğurla davam etdirirlər. Şamaxı Astrofizika Rəsədxanasında bir sıra beynəlxalq və respublika səviyyəli simpozium və konfranslar keçirilib. Bunların arasında Beynəlxalq Astronavtika Federasiyasının konqresini (1972), maqnit ulduzların tədqiqinə həsr olunmuş konfranslar (1973, 1976), SSRİ EA Astronomiya Şurasının plenumu (1984), “Tusi-800” Məclisləri (1998-2002-ci illər ərzində 8 konfrans), “Dövrülük və kosmoloji problemlər” (2003), “ŞAR-ın əsasının qoyulmasının 60 illiyinə həsr olunmuş Beynəlxalq konfrans” (2013) və başqalarını göstərmək olar. ŞAR-ın fəaliyyəti dövründə rəsədxana əməkdaşları bir sıra aktual mövzular üzrə xarici ölkələrin astronomları ilə birgə işlər yerinə yetirib. Günəş fizikası və Günəş-Yer problemi üzrə Rusiya, Almaniya, İsrail, Bolqarıstan, Gürcüstan və s. ölkələrin ayrı-ayrı astronomik təşkilatları ilə sıx əməkdaşlıq edilir. Ulduz fizikası istiqaməti üzrə Rusiyanın bir neçə rəsədxanasının əməkdaşları ilə birgə tədqiqatlar aparılır (Rusiya EA XAR, Moskva DU-nun Şternberq ad.

Dövlət Astronomiya İnstitutu, Sankt-Peterburq DU və s.). Komet və meteorların tədqiqi üzrə Rusiya, Ukrayna, Tacikistan və s. ölkələrin astronomları ilə birgə işlər həyata keçirilir. ŞAR əməkdaşları xarici dövlətlərdə keçirilən konqress, simpozium və konfransların işində ardıcıl və fəal iştirak edir, dünya astronomlarını rəsədxanada aparılan işlər barədə məlumatlandırırlar”.


...Ətrafdakılar maraqla mənə baxır, təəssüratlarımı bölüşməyimi gözləyirlər. Lakin heç nə demirəm. Məşhur yazıçı Antuan de-sent Ekzüperinin “Balaca şahzadə” əsərindəki sitat yadıma düşür: “Yəqin, ulduzlar ona görə parıldayır ki, hər kəs əvvəl-axır özününkünü tapa bilsin”. Deməli, sadəcə baxmaq yox, həm də görmək lazımdır. Mən Saturna baxdım.

Gördüyüm isə daha çoxu oldu:

“Demə, hər kəsin bir mümkünsüzü, əlçatmazı var...”. Yenə də “Balaca şahzadə”də deyildiyi kimi, sənin sevdiyin yeganə çiçək milyonlarla ulduzun heç birində yoxdur. Bu kifayət edər ki, göyə baxıb xoşbəxt olasan...".