Eldar dayı  kitablar içində:“Günə 4-5 manat qazanıram, amma...” -  Soyuq Bakıdan “isti” REPORTAJ

«Ayda təqribi 150 manat olur, dolanıram. Həm də qoca kişiyəm, evdə tək darıxıram. Burada camaatla söhbət edirəm”

“Yeni və latınca kitablarımın qiyməti nisbətən baha olur. Belə kitabları aldığım qiymətin iki qatına satıram. Digərlərini isə 1-2 manata bazaralayıram. Kitab evlərində isə qiymətlər münasib deyil”

Dünyada ən gözəl məşğuliyyət sevdiyin, həzz aldığın bir işlə məşğul olmaqdır. Əksər halda insanların peşə seçərkən hədəfi əlverişli şərtlər altında yetərincə pul qazanmaq olur. Amma elə insanlar da var ki, sevdikləri məşğuliyyət ilə peşələrini birləşdirirlər. Həm pul qazanırlar, həm də  öz istəklərinin ardınca gedirlər. Məhz belə şəxslərdən biri də çoxumuzun tanıdığı, hər gün metronun “Elmlər Akedemiyası” stansiyasının çıxışında rastlaşdığı, öz sevdiyi işi peşəsinə çevirən Abbaslı Eldardır.  O, burada – düz Bakı Dövlət Universitetinin qabağında kitab satışı ilə məşğuldur. 

A. Eldar nəinki, yaxşı satıcı, həm də yaxşı oxucu, səmimi həmsöhbətdir. Biz onunla söhbətləşərkən əslində uzaqdan qara geyimli, yaşlı görünən satıcının ruhunun necə də gənc, rəngarəng və şən olduğunun şahidi olduq. Küləkli Bakının soyuq küçəsində Eldar bəyin bizə səmimi münasibəti, suallara təvazökar cavabı insanın qəlbini isidirdi. 

Eldar bəyi yaxından tanımaq üçün özü və fəaliyyəti haqqında bizə məlumat verməsini xahiş etdik. O, bildirdi ki,  bu işlə uzun müddətdir, məşğul olur:

“Bir müddət ara versəm də, bu işlə çoxdandır məşğulam. 260 manat təqaüd alıram. Yetmədiyinə görə kitab satıram. Bu kitablar əsasən, özümün, qohumlarımın kitabları olur. Gündə 4-5 manat qazanıram. Ayda təqribi 150 manat olur, dolanıram. Həm də qoca kişiyəm, evdə tək darıxıram. Burada camaatla söhbət edirəm. Dünən elə Qusardan bir nəfərlə söhbət etmişəm, ora haqqında çox şeyi öyrənmişəm (gülür)”. 

Eldar bəyə alıcıların yaş kateqoriyası və satdığı kitabların dili baradə sual ünvanladıq. Təcrübəli satıcı bildirdi ki, hər yaşdan alıcıları olur və əsasən kiril qrafikasında olan kitabları satır:

“Gənc alıcılar da var, amma alıcılar əsasən yaşlılardır. Kitablarım əksər halda kiril əlifbası ilə olur. Latın əlifbası ilə yazılmış kitablarım da az deyil, amma indi əlimdə latın əlifbası ilə yazılmış bir kitab var. Kirilcə oxumağı bacaran gənclər satdığım kitablara maraq göstərir. Kiril qrafikası ilə yazılmış kitabları satmağımın səbəbi onların daha ucuz olmasıdır. Məsələn, latıncası 10 manata olan kitabı kirilcə 2 manata satıram. Hər növdə kitab satıram – bədii, elmi və.s”.

Satıcı bizə öz oxuduqlarından da söz açdı. O, kitablarla yanaşı qəzetlərə də böyük maraq göstərdiyini vurğuladı. Elə biz ona yaxınlaşanda bir küncdə durub qəzet oxuyurdu. Təbii ki, bu bizi bir qəzetçi olaraq sevindirdi.

“Cavanlıqda iki-üç günə bir kitabı oxuyub qutarırdım. Qəzetlər də çox oxuyurdum. Ən çox “Komunist”, “Gənclər”, “İdman”, “Ulduz”  qəzetlərini, “Azərbaycan” jurnalını oxuyurdum. Bu gün “Şərq”,  ”Yeni Musavat”, “Hürriyyət” qəzetlərini izləyirəm, baş redaktorunuz Akif Aşırlıya xüsusi hörmətim var”. 

A.Eldar kitabların qiymətindən də danışdı. Həmçinin onu da qeyd etdi ki, bu gün kitab evlərində qiymətlər bahadır:

“Yeni və latınca kitablarımın qiyməti nisbətən baha olur. Belə kitabları aldığım qiymətin iki qatına satıram. Digərlərini isə 1-2 manata bazaralayıram. Bu gün kitab evlərində isə qiymətlər münasib deyil”. 

Qocaman təhsil ocağının önündə kitab satan qocaman insan texnologiyanın önəmində də yan keçmədi, onun faydalılığından söz açdı:

“Texnologiya inkişaf edib. Mən də geri qalmışam. Orada çox məlumat var, bu, çox yaxşıdır. 30 manatlıq telefonum var, ancaq zəng gəlib-gedir. Həm yenilərdən almağa gücüm çatmır, həmdə ki, marağım yoxdur. Nəsə lazım olanda sizin kimi gənclərdən soruşuram, məlumat verirlər”.

Ömrünü kitaba həsr edən Eldar dayının hekayəsi mənə görkəmli xalq şairi Səməd Vurğunun “kitabsız bir ömrün nə mənası var” cümləsini xatırlatdı. Şübhəsiz ki, hər zaman dörd bir tərəfi kitabla dolu olan bu şəxsin həyatı dolu və mənalı bir ömürdür. Mən də öz növbəmdə oxucuları daha çox kitab oxumağa, dolayısı ilə daha çox kitab almağa səsləyirəm. Yolunuz Elmlər Akademiyasına düşəndə Eldar dayı və onun dəyərli kitablarına baş çəkməyi unutmayın.

HAZIRLADI: Çimnaz ŞAHLAR
FOTO: GÜNƏŞ MƏRD