"Elə bilirlər ki, hakimiyyətlə dialoq quranlar alverçilərdir" - "Şərq" Ağ Partiyanın qapısını döydü+ VİDEO(REPORTAJ)


Tural Abbaslı: "Parlamentə seçkilər keçirilsə, 6 dairədən də namizəd kimi çıxış edəcəyik"

Ən azından bizim seçiləcək deputatlarımız namizədliyini verdiyimiz şəxslər gedib polis döyməyəcək, dövlətin 10 milyon vergisini yayındırmayacaq, şəhid qəbrinin üzərində yeyib içmək təşkil etməyəcək, katibəsi ilə oyunlardan çıxmayacaq


   Ölkəmizdə qeydiyyatdan keçmiş 54 siyasi partiyadan biri də AĞ partiyadır. Tural Abbaslının rəhbərlik etdiyi partiya ideoloji istiqaməti baxımdan mühafizəkar mövqeyi ilə seçilir. AĞ partiyanın şəraiti ilə tanış olmaq üçün "Şəfaət Mehdiyev 77" küçəsində yerləşən yeni ofislərinə baş çəkdik. Partiyanın ofisinə daxil olduqdan sonra "Şərq"çilər müşahidələrə başladı. 4 otaqdan ibarət olan ofisdə otaqlardan biri Tural Abbaslıya, digəri sədr müavini Əhəd Məmmədliyə məxsusdur. Yerdə qalanlar isə konfrans zalı və mətbəxdir. 

Tural Abbaslı otağında vətəndaşla görüş keçirdiyi üçün bir az gözləməli olduq. Bizi qarşılayan AĞ partiya təşkilati məsələlər üzrə müavin Rüfət Hacıbəylini söhbətə tutduq ki, partiyanın gündəlik iş rejimindən məlumatlı olaq. R.Hacıbəyli yetkin siyasətçilərə  xas əminliklə söylədi ki, ölkənin bir çox bölgəsində rayon təşkilatları fəaliyyət göstərir. Daha sonra partiyanın sosial şəbəkələrdəki fəaliyyətini müzakirə mövzusuna çevirdik:

“Sosial şəbəkələrdəki fəaliyyətimiz əsasən partiyanın təbliğatı üzərinə qurulur. Hansı sosial şəbəkə aktivdirsə, orada AĞ partiya var. Əminliklə deyə bilərəm ki, hamısında da liderdir. İstər “facebook”da, istər “instagram”da, istərsə də, “tik-tok”da olsun. Orada sorğular keçirərək vətəndaşların şikayətlərini öyrənirik. AĞ partiya YAP da daxil olmaqla, hamısından güclü partiyadır. Biz bunu xalqın içərisində olarkən, bölgələrə səfər edərkən görürük”. 

Söhbətimizi yekunlaşdırırdıq ki, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, həmkarımız Cavanşir Abbaslı otağa daxil oldu. C. Abbaslıya da partiyadakı fəaliyyəti ilə bağlı suallarımız  vardı, soruşduq, cavab aldıq. O Azərbaycanda ən çox üzv qəbul edən partiyanın AĞ partiya olduğunu üzündəki sevinc təbəssüm cizgilərindən sezdik:

“Ölkə üzrə üzvlərimizin sayı on minlərlədir. Təkcə ötən həftə biz 86 nəfər yeni üzv qəbul etdik. Üzvlərimiz əsasən gənclərdir. Buna görə də bizi daha çox gənc partiya adlandırırlar. Təbii ki, sıralarımızda kifayət qədər orta yaşlı nümayəndələr də var. 18-40 yaş arası üzvlərimizin sayı daha çoxdur”.

 C.Abbaslı millət vəkili Zahid Orucun Strateji Araşdırmalar Mərkəzinin rəyin öyrənilməsi metodundan fərqli əhalinin əsas problemlərinin şikayətlər əsasında öyrənildiyini bildirdi:

 “Baxmayaraq ki, başqanımız deputat, nazir deyil, partiyamıza nazirlərə, deputatlara daxil olan şikayətlərdən daha çox müraciətlər gəlir. Əsasən də narazılıq sosial məsələlərlə bağlı olur. Biz də problemləri imkanlarımız daxilində həll etməyə çalışırıq. Təbii ki, böyük qismini həll etmək səlahiyyətimiz yoxdur. Bununla belə insanlar bizə çox inanırlar. Ən çox müraciətlər şəhid ailələrindən, qazilərdən gəlir. Problemlərin böyük qismini həll edə bilmədiyimiz üçün çox məyus oluruq. Şikayətlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə bağlıdır. Şəhid ailələrinə ev verilməsinin yubadılması ilə bağlı da kifayət qədər müraciət edilir. Təklif edilən yerlərdə də vəziyyət çox acınacaqlıdır. Məsələn, Bakı şəhərində yaşayan şəhid ailəsinə Xocahəsəndən, Sulutəpədən ev təklif edilir. Onların övladı orada döyüşəndə məmurlar, onların müharibədən qaçan övladları şəhərin mərkəzində bahalı maşınlarda, restoranlarda kef edirdi. Bölgələrdə də vəziyyət eynidir. Rayonun mərkəzini qoyub ucqar bir kənddən ev təklif edilir”.

 O qeyd edib ki, müraciətlər əsasən ünvana məktub formasında göndərilir:

“Sosial şəbəkələr üzərindən də müraciətlər edilir. Başqanın rəsmi səhifəsinə şikayətlərini bildirirlər. İmkanlarımız daxilində onlarla təmaslar qurmağa çalışırıq. Müraciətləri şəxsən özüm başqana çatdırıram. Tural bəy də canlı çıxışlarda müraciətləri bir-bir sadalayır”.

Nəhayət, qəbuldakı vətəndaş Tural Abbaslının otağından çıxdı. T.Abbaslı ilə görüşünün səbəbini soruşduq. Saatlı şəhər sakini Fətullayev Faiq Saatlı bazarının rəhbərindən şikayətçidir, "Ağ partiya" başqanına da ona görə müraciət edib.

 “2015-ci ildə Saatlı bazarında baş verən yanğında mənim 120 minlik malım yanıb. Bazarın müdiri Fərmanov Ayyətdin Aydın oğlu bizə dedi ki, yanan malın 50 faizini verəcək, yeri də təmir edib bizə qaytaracaq. Saatlı rayonunun icra başçısına, polis rəisinə şikayət etmişik. Lakin heç kim bizim şikayətimizə baxmır. Bazarın müdriyyəti “reket”lik edir. Fövqəladə Hallar Nazirliyindən, Vergilər nazirliyindən xahiş edirəm ki, məsələni araşdırsınlar. Bizdən yerpulu alınır, lakin çek verilmir. Vergidən yayınma var. Bazar yenə də palatka ilə tikilib. Yenidən yanğın olsa, yenə malımızı çıxarda bilməyəcəyik”.

 Saatlı sakini aidiyyatı orqanların onun şikayətinə baxmadığı üçün çıxış yolunu Tural Abbaslıya müraciətdə görüb:

“Mən heç bir partiya üzvü deyiləm. Tural bəy insanların ən çox inandığı şəxsdir. Mən də ona çox güvəndiyim üçün ondan hüququmu tələb etməyini xahiş etdim. İcra başçısı, polis, FHN, Vergi nazirliyi mənə qulaq asmır. Mənim də ümid yerim Tural Abbaslıdır”.

 Günün adamı ilə görüşmək vaxtı çatdı. AĞ partiya sədrinin otağına daxil olduq. Bizi səmimi zarafatları ilə qarşıladı. Texniki avadanlıqları saz vəziyyətinə gətirənə qədər hal-əhval tutduq. Tural Abbaslı Səməd Vurğunun "Azərbaycan" şeirindən “De gəlsin hər nəyin vardır.

Deyilən söz yadigardır” misrası ilə suallara başlamağımızı istədi. Çox vaxtını almaq istəmədiyimiz üçün sualları verməyə başladıq.

Tural Abbaslı Partiyanın necə maliyyələşdiyi barəsində danışdı: 

“Partiyamız adlarının çəkilməyini istəməyən 5-6 dostun ianələri sayəsində kiçik xərclərimizi qarşılayırıq. Partiyanın heç bir yerdən maliyyələşməməsi dövlətin ayıbıdır. İstənilən dövlət öz partiyasını maliyyələşdirməlidir. Azərbaycanda parlament partiyalarına ayda 8 min manat gülməli rəqəm təyin olunub. Bu, heç Bakıdakı mərkəzi qərargahın fəaliyyətinin aylıq xərci deyil. Bunların 60-dan çox rayon təşkilatları var. Dövlətin ayırdığı rəqəm simvolikdir. Yaxşı maliyyə əldə etmək üçün gərək ya Rusiyaya, ya İrana, ya da Avropaya agentlik edək. Bizim də elə bir fikrimiz yoxdur”.

Dövlətin göstərdiyi güzəştləri də qeyd etməyi unutmadı:

 “4 il sonra partiyanın adının dəyişdirilməsi məsələsində dövlət bizə güzəşt etdi. Həmçinin cüzi ödənişlə ofis tuta bilmişik. Ramiz Mehdiyevlər partiyaların vəziyyətini elə hala salmışdı ki, biz öz pulumuzla özəl yerlərdə belə ofis götürə bilmirdik. Partiya adı eşidən kimi hamı qorxurdu. Bundan başqa mediaya çıxışımıza əvvəllər məhdudiyyətlər var idi. İndi televiziyalar belə bizi efirlərə dəvət edirlər. Bu da bir növ güzəştdir”.

 O, işıqlandırılan məsələləri də qeyd etdi:

 “Xalqı narahat edən hər məsələ prioritetdir. Pensiyalar, uşaq pulu, hərbçilərin maaşı, sosial müavinətlər, əlillik dərəcələri, kommunal xərclər və digər bütün məsələləri qaldırmışıq. Vətən müharibəsi iştirakçılarının orden və medallarının verilməsi, əlillik, qazilər, şəhid ailələrinin müraciətlərini tez-tez işıqlandırmışıq. Elə sizdən əvvəl gedən şikayətçi Saatlıdan 200 kilometr məsafəni qət edib gəlib ki, Turala şikayətimi deyəcəm. Saatlı İcra hakimiyyəti, aidiyyatı qurumlar hara baxır. Biz dövlət deyilik. Resurslarımız, imkanlarımız yoxdur ki, hər məsələni həll edə bilək. Amma çalışırıq ki, bütün müraciətləri qaldıraq”.

 Parlamentdəki boş qalan yerlərə seçkilər keçirilsə, AĞ partiyadan namizədlik irəli sürüləcək:

 “Zatən partiyanın işi seçkilərdə iştirak edib rıçaqlar əldə etməkdir. Parlamentə seçkilər keçirilsə, 6 dairədən də namizəd kimi çıxış edəcəyik. Ən güclü namizəd də bizimlə rəqabət aparacaq. Parlamentdə yer tutsaq, kifayət qədər kadrımız var. YAP-ın təqdim etdiyi 70 nəfərdən daha perspektivli, daha xalqına canı yanan, xalqın içindən çıxan kadrımız var. Ən azından bizim seçiləcək deputatlarımız namizədliyini verdiyimiz şəxslər gedib polis döyməyəcək, dövlətin 10 milyon vergisini yayındırmayacaq, şəhid qəbrinin üzərində yeyib içmək təşkil etməyəcək, katibəsi ilə oyunlardan çıxmayacaq”.

Hakimiyyətlə AĞ partiya arasındakı dialoq barəsində də danışdıq:

 “Konfliktin iki həll yolu var. Bunlar güc və danışıq həll yoludur. Uzun illər idi ki, müxalifət və iqtidardakı maraqlı qrupların sayəsində iki tərəf bir-birinə düşmən kəsilmişdi. Bir-birini təhqir edirdilər, həbs etdirirdilər. Müxalifət iqtidarın yaxşı işlərinə də qara deyirdi, iqtidar da müxalifəti satqın, agent, ünsür adlandırırdı. İndi normal mühit yaranıb. Biz deputatlarla çıxıb fikrimizi səsləndirə, onları tənqid edə bilirik. Eynilə onlar da bizi tənqid edə bilirlər. Dialoq budur. Problemlərimizi birbaşa deyirik. Bəzən biz iqtidarın atdığı addımları dəstəkləyirik, bəzən onlar bizim qaldırdığımız məsələləri qismən də olsa, icra edir. Əslində elə dialoqun olmaması ayıbdır. Çoxları alver edib deyə elə bilirlər ki, hakimiyyətlə dialoq quranlar alverçidirlər. Biz onlarla vətən, millət məsələsini müzakirə etmişik”.

 T. Abbaslı AĞ partiyanın özünü Türkiyənin “AK parti”sinə (Ədalət və İnkişaf partiyasına) bənzətməsi fikrinə də aydınlıq gətirdi:

“Partiyaların proqramları bir-birinə bənzəyə bilər. Dünyadakı bütün mühafizəkar partiyaların proqramları bir-birinə bənzəyir. Milli-mənəvi dəyərlərə söykənmək, yerli istehsalat, yerli siyasət, milli maraqlar, adət-ənənələri mühafizə etmək kimi əsaslar var. Lap deyək özümüzü AK partiyaya bənzədirik. Niyə də yox? AK partiya Türkiyəni bu yerlərə çatdırıb. Hazırda Türkiyə dünyaya dron satan, dron istehsalında dünya statistikasında ilk 3-lükdə olan, sözünü deyən dövlətdir. Bütün dünya kommunistləri də bir-birinə bənzəyir. AĞ partiya Türk-İslam dünyasının milli-mənəvi dəyərlərini, xarakterini özündə əks etdirən siyasi xətdir. Qloballaşan dünyada milli dəyərləri qorumasaq, oyuncaq dövlət olacağıq”.
 Söhbətimiz belə alındı. Hər halda bir partiyanın bir neçə saatlıq işinə işıq saldıq. O biri partiyalar da bizi gözləsin.



Hazırladılar: Xanlar Əlibəy, Aygün Tahir