Kondisionerin ciddi fəsadları...- "Pandemiya şəraitində ağır..." 

Yay fəslinin başlanması ilə hər kəs kondisionerlərə “pənah gətirir”. Evdə, ofisdə ilk işimiz həmin məişət avadanlığının pultunu əlimizə almaq və özümüzə sərinlik yaratmaq olur. Əlbəttə, qınanılası deyil. Havanın temperaturu, istilik hər kəsə məlumdur. Amma, demə, “qaş düzəltdiyimiz yerdə göz çıxara” bilərmişik.

 Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında insanlara tövsiyələr verdi:

“Əvvəla, onu deyim ki, sezonun əvvəlində kondisionerlərin hava yolları təmizlənməlidir. Əks halda, orada yığılıb qalan müxtəlif infeksiyalar fərqli xəstəliklərə, o cümlədən ağciyər pnevmaniyasına səbəb ola bilər. Həmçinin kondisioner işə salınmazdan əvvəl otağın havası dəyişməlidir ki, mikroorqanizmlərlə dolu yox, təmiz havanı udaq. Xüsusilə yuxarı tənəffüs xəstələri, o cümlədən koronavirusa yoluxanlar daha diqqətli olmalıdırlar. Onlara kondisionerin altında qalmamağı məsləhət görürəm. Ələlxüsus, indiki vaxtda, yəni pandemiya şəraitində ehtiyatlı, diqqətli davranmaqda fayda var. Təklif edirəm ki, toylar sentyabradək açıq havada keçirilsin. Buna imkan yoxdursa, kondisionerdən düzgün istifadə edilməlidir. Yoxsa, ciddi fəsadlar ola bilər”.