“Vaksinasiya əleyhinə əks-təbliğat gedir” – Qurumlar hərəkətə keçsin! 

Bəzən sosial şəbəkələrdə vətəndaşların müxtəlif yollarla saxta COVID-19 pasportu əldə etmələri ilə bağlı iddialar səsləndirilir. Belə halların olması isə bir tərəfdən yoluxma hallarının artması, digər tərəfdənsə dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulması deməkdir. Vətəndaşları saxta pasport əldə etməkdən necə çəkindirmək olar? Bu kimi halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?


Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov söyləyib ki, saxta koronavirus pasportunun verilməsi Azərbaycanda pandemiyası ilə mübarizədə görülən işlərə vurulan ən böyük zərbədir.

Deputat hesab edir ki, saxta peyvənd pasportu verən tibb işcilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır: "Ən yaxşı halda isə həmin tibb işçilərinin diplomlarının ləğv edilməsi gündəmə gətirilməlidir".

Millət vəkili Azərbaycanda peyvəndləmə prosesinin dünya ölkələrinə nisbətən qənaətbəxş, təqdirəlayiq olduğunu da vurğulayıb: "Amma bu hələ də bizim təhlükəsizliyimiz üçün arzuolunan, cəmiyyətin 75 faizinin iki dəfə vaksinlənmə dəyərindən çox aşağıdır. Üçüncü doza rəqəmlərini nəzərə almasaq, ölkəmizdə 15 milyon peyvənd istifadə olunduqdan sonra nisbətən rahat nəfəs alacağımız güman olunur".



Baş verənləri “Sherg.az”a dəyərləndirən tanınmış həkim-psixoterapevt Əli Nağıyev bildirib ki, bu cür xoşagəlməz halların üzə çıxması yanlış təbliğatlara qarşı aktiv maarifçilik işinin aparılmamasından irəli gəlir:

“Yəni sosial şəbəkələr və qeyri-rəsmi mənbələrdə vaksinasiya əleyhinə ciddi əks-təbliğat gedir. Bu mənada rəsmi mənbələr-istər Səhiyyə Nazirliyi, istərsə TƏBİB ciddi və aktiv maarifçilik işi aparmalıdır ki, əhali kütləsi vaksinasiyanın zərərli olduğunu düşünməsin. 

Etiraf edək ki, insanlara vaksinasiya ilə bağlı ciddi şəkildə yanlış məlumatlar yayırlar. Ona görə də işin ağır cəza həddinə gəlib çatmaması üçün vətəndaşların vaxtında və düzgün maarifləndirilməsinə ehtiyac var. Tələbat olmasa, belə mənfi hallar da baş verməz”.

Ə.Nağıyev vurğulayıb ki, həkimlərin saxta COVİD-19 pasportu verməsi onların vicdanı ilə əlaqədar olan bir məsələdir:

“Təbii ki, bu cür yanaşmaları həkim peşəsi üçün yanlış əməl sayıram. Burada vicdandan əlavə hüquqi məsələ də var. Ona görə də hüquq- mühafizə orqanları baş verənlərə qiymət verə bilər. Saxta vaksin pasportlarına tələbatın olmaması üçün TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən geniş şəkildə və düzgün təbliğat işi görülməlidir.

Hətta sosial şəbəkələrdə tanınmış şəxslərin vaksin olunması ilə bağlı açıq-aydın videolar yayımlanmalıdır. Bunu da müvafiq dövlət orqanları təşkil etməlidir”.