Yeməyinizə, içməyinizə diqqət edin!

İsti havalarda sağlamlığı qorumaq bir nömrəli vəzifə olmalıdır

Son günlər ölkəmizin bir çox bölgələrində isti hava müşahidə olunur. Həkimlər isti havanın hətta ürəyindən şikayəti olmayan insanlar üçün belə təhlükəli, riskli olduğunu deyir. Bəs istilərdən qorunmaq üçün nələr edilməlidir?

Həkim qastroenteroloq-hepatoloq Fərrux Nağıyev "Şərq"ə açıqlamasında deyib ki, çox isti hava insan sağlamlığı üçün müəyyən təhlükələr yaradır: "İstidə bütün orqan və sistemlər, xüsusilə ürək-damar, nəfəsalma, endokrin, sidik ifrazı və s. yüklənir ki, bu da onlarda pozulmaların riskini artırır. Belə vəziyyətdə sağlamlığı qorumaq üçün bəzi tövsiyələrə riayət etmək lazımdır. İlk növbədə qəbul etdiyimiz qidaların miqdarını azaltmaq lazımdır. Gün ərzində tez-tez (4-5 dəfə) və daha az yemək lazımdır. Ümumiyyətlə, yemək porsiyaları azaldılmalıdır. Qidalanmaya süd məhsullarını (qatıq, ayran, kəsmik və s.) artırmaq məsləhətdir. Bu məhsullar orqanizmin isti havada pozulan turşu-qələvi balansını bərpa edir, onu daha qələvi edir. Alimlərin fikrinə görə, orqanizmin turşu-qələvi balansının pozulması, onun daha "turş" olması bir çox xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəblərindən biridir. Qidalanmada meyvə, tərəvəz, göyərti daha çox, ət daha az olmalıdır. Meyvə-tərəvəz və göyərtilər də pozulmuş turşu-qələvi balansını bərpa edir. Ümumiyyətlə, bağlı və qızardılmış qidalar, şirniyyatlar (tort, pirojna və s.) rasiondan xaric edilməlidir. Gün ərzində 2 litr təmiz qazsız su içilməsi məsləhətdir. Həmçinin, isti havada spirtli içkilərdən imtina edilməlidir. Ədviyyatlardan isə olduqca daha az istifadə edilməsi məsləhətdir. Çünki ədviyyatlar qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmə istilik verir".

Həkim-pulmonoloq Nərminə Rəfiyeva isə "Şərq"ə açıqlamasında deyib ki, istilərdən qorunmaq üçün ilk növbədə, zərurət olmadıqda evdən çıxmamaq məsləhətdir: “Bu məsləhət təkcə xroniki xəstəlikləri olan insanlar üçün deyil, hamıya aiddir. Otaqların havalandırılmasına xüsusi diqqət yetirmək lazımdır. İsti havada enerjiyə tələbat aşağı düşdüyünə görə, yayda kalorili yeməklər orqanizmə çox lazım deyil. Çoxlu çay, meyvə şirəsi, mineral su, vitaminli içkilər qəbul edilməlidir. Tərkibində şəkər olan qazlı sular, energetik içkilər və alkoqollu içkilər məsləhət deyil. Gün ərzində ən azı 1,5-2,0 litr su içilməlidir. Böyrək və ürək-damar xəstəlikləri olan insanlar xüsusilə maye qəbulunu çoxaltmamalıdır”.

Həkimin sözlərinə görə, pandemiya dövründə yaşadığımıza görə, immuniteti də mütləq möhkəmlətmək lazımdır: “Bunun üçün çoxlu meyvə-tərəvəz qəbulu mütləqdir. Gün ərzində imkan olduqca çox isti olmayan ilıq duş qəbul edin. Bu sadə qaydalara riayət edilsə, özümüzü qızmar günəşdən və isti havadan qorumuş olarıq”.