Biri vaksin vurdurun deyir, o biri yox...


Nazim Cəfərsoy: "Vaxt olacaq vaksinə qarşı olanların böyük bir hissəsi vaksin üçün sıralara düzüləcəklər"

Rüfət Rzayev: "Vaksin vurdurmaqdan yayına biləcəyim bütün variantlarım əlimdən alınıb"

Hazırda dünyada milyonlarla insan COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunur. Çoxlarının COVID-19 xəstəliyinə qarşı vaksinlə tez bir vaxtda təmin edilməsi mümkün olmasa da, zamanla bu proses həyata keçirilməkdədir. Maraqlıdır, ölkəmizdə insanlar vaksinasiya ilə bağlı hansı düşüncədədirlər?

Politoloq Nazim Cəfərsoy "Şərq"ə açıqlamasında bildirib ki, o, şəxsən COVID-19 ilə mübarizədə vaksininin vacibliyi barədə dünyada hakim modern tibbinə və bunu müdafiə edən tanış həkimlərin fikirlərinə güvənir:

"Ona görə də vaksinin hər iki dozasını etdirmişəm. Vaksin olmaq mənə daha doğru gəlir. O ki qaldı vaksin olmayanlara və ona ümumilikdə qarşı olanlara, deyirəm ki, vaksinə qarşı ola bilərsiz. Hansı motivlə qarşı çıxıb-çıxmamağınız da özünüzün biləcəyiniz işdir. Amma xatırladım ki, pensilin və müxtəlif peyvəndlər ortaya çıxanda da ona qarşı olanlar çox olub. Sonra isə vəziyyət elə gətirib ki, hamı lazım oldu-olmadı pensilin vurdurub. Bu gün uşaqlara bütün peyvəndləri etdirənlər mütləq mənada çoxluqdadır. Vaxt olacaq COVID-19 vaksininə qarşı olanların böyük bir hissəsi vaksin üçün sıralara düzüləcəklər. Hətta bunun üçün mitinq təşkil etmə ehtimalları da var".

Hüquqşünas Fərhad Mehtiyev "Şərq"ə açıqlamasında bildirib ki, vətəndaşlarımızın peyvəndlənməsi məqsədəuyğundur: "Demirəm ki, vaksinasiya sizi xəstəlikdən tam qoruyacaq, amma ağırlaşma ehtimalı olmur, həm də karantinin tətbiqini gecikdirmiş olarıq. Karantinin tətbiq olunmasını və küçədə maska taxmaq istəmiriksə, peyvəndlənmək lazımdır. Özüm peyvənd vurmuşam, gördüyünüz kimi sağam".

Tibb üzrə fəlsəfə doktoru, həkim Rasim Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, keçən il bu vaxtlar hamı dua edirdi ki, bir an öncə peyvənd tapılsın. İndi isə çox adam, peyvənddən imtina edir: "Deyirlər bilmirik tərkibində nə var? Guya bunlar uşaqlıqda vurulan peyvəndlərin tərkibini tam çözüblər, bircə qalıb "Covid" peyvəndi. Bu gün rəsmi açıqlamada bildirildi ki, süni tənəffüs aparatına qoşulanların 97 faizi, vəfat edənlərin 99 faizi peyvənd vurdurmayanlardır. Peyvənd olunan şəxslərdən 0,6 faizi hospilitizasiya olunub, deyə bildirildi. Məncə, bundan sonra peyvənd olunmayıb yoluxanların müalicəsini, ödənişli etməlidirlər. Başqa yolu yoxdur".

"Saltak" MMC-nin direktoru Rüfət Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, o, ilk gündən vaksin vurdurmağın əleyhinə olub və elə günü bu gün də vaksin vurdurmağın əleyhinədir: "Vaksin vurdurmağa qarşı olmağımın başlıca səbəbi, bu vaksinlərin lazımi sınaqdan keçməməsidir. Bir vaksinin insan orqanizminə vura biləcəyi ziyan və əks təsirlərini öyrənmək üçün bir neçə ilə ehtiyac duyulur. Kiçik zaman kəsiyində bütün dünyanın vaksinləşməyə getməsi mənə bunu deməyə əsas verir ki, bu vaksinləri bizim üzərimizdə sınaqdan keçirirlər. Lakin vergi orqanları tərəfindən mənim poçt qutuma göndərilən bir məktubda qeyd olunur ki, sentyabr ayının 1-dən etibarən kollektivin 80 faizi 1-ci doza peyvənd olunmayan kollektivlərin fəaliyyəti qadağan olunacaq. İşimə və məsuliyyətini daşıdığım insanlara görə vaksin vurdurmaq məcburiyyətindəyəm. Vaksin vurdurmaqdan yayına biləcəyim bütün variantlarım əlimdən alınıb. Bu gün bütün günümü sosial şəbəkələrdə şərhləri oxumaqla hər hansi bir məlumat almağa həsr etmişəm. Elementar olaraq vaksin nədir, niyə və hansı hallarda vurulur, vaksinin tərkibində nə var, "Sinovak"da niyə ölü virusdu, amma "Pfizer" yarımcan virus, yeni evlənmək istəyənlərə niyə vaksin vurdurmaq məsləhət deyil, amma 1, 2 və daha çox uşaq sahibi olan insanlar rahatlıqla vaksin vurdura bilər, qanı qatı olanlar niyə "Pfizer" yox, "Sinovak" vurdursa daha yaxşı olar və s. Bütün bu sualların cavabını 100 000 adamdan 1-2 nəfər bilə, ya bilməyə. Hamı bir ağızdan boş bir şey olduğunu yazır. Çoxu da ya qonşusunda, ya qohumunda, ya iş yoldaşında peyvənd vurdurandan sonra ağırlaşma halları baş verib, amma əsla və əsla kimsənin öz başına gəlməyib. Bu qədər suallar qarşısında aciz qalıb ölməkdənsə, vaksin vurdurmayıb ölməyi tərcih edərdim, amma mən tək deyiləm axı, işə götürdüyüm insanlar necə olsun?!".