Koronavirusu qripdən necə ayırd etməliyik?


Öskürək və tənəffüs çətinliyi olanlar mütləq həkimə müraciət etməlidirlər

Payız fəslinə keçid, havaların getdikcə soyuması mövsümi xəstəliklərin artmasına səbəb olur. Tənəffüs yolu ilə əlaqədar yaranan narahatlıqlar – öskürək, boğaz ağrısı və oxşar problemlərlə üzləşəndə ilk ağla gələn yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalıdır. Lakin həmin əlamətlər digər infeksion xəstəliklərlə də əlaqədar ola bilər.

Həkim-terapevt Nahid Məhərrəmov deyib: “Yuxarı tənəffüs yollarının iltihab və allergiyası olanlar COVID-19-a yoluxma zamanı qripəbənzər əlamətlərlə üzləşə bilərlər. Qripəbənzər əlamətlər, məsələn, quru öskürək, boğaz ağrısı, ishal, temperatur yüksəlməsi olduqda COVID-dən şübhələnmək olar. Lakin halsızlıq, yorğunluq, təngnəfəslik və temperatur yoxdursa, saturasiya 95-dən yuxarıdırsa, narahatlıq keçirməyə əsas yoxdur”.
Həkim-terapevt əlavə edib ki, qızdırma, öskürək və tənəffüs çətinliyi olanlar mütləq həkimə müraciət etməlidirlər: "Lakin immunitetin gücləndirilməsi də vacib məsələdir, bunun ən səmərəli yolu isə düzgün və balanslı qidalanmadır. Payız aylarında C vitamini ilə zəngin qidalara daha çox üstünlük verilməlidir: “Mövsümü xəstəliklərdən qorunmağın ən yaxşı yollarından biri qripə qarşı peyvənd olunmaqdır. Soyuqdəymə və zökəm hallarından qorunmaq üçün isə düzgün qidalanmaq, gündəlik rasiona mövsümə uyğun meyvə və tərəvəzlər daxil etmək və çoxlu maye içmək lazımdır. Gərgin iş rejimindən sonra istirahət etmək də immunitetin artırılmasına səbəb olur. Hər gün piyada gəzmək və fiziki fəallıq da immun sistemini gücləndirir. Şəxsi gigiyenaya diqqət yetirmək, maska taxmaq da xəstəliklərdən qoruyan əsas şərtlərdir".

Həkim-infeksionist Mərdan Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, payız fəslində müxtəlif viruslar yenidən aktivləşir. Həkim qeyd edib ki, koronavirusun özü də kəskin respirator xəstəlik olduğu üçün onun da artması gözləniləndir: 

"Virusların yenidən aktivləşməsi müxtəlif faktorlarla əlaqədar olur. Həm günəş şüasının aktivliyinin azalması, həm də havaların soyuması ilə əlaqədar olaraq insanlar qapalı məkanlara üz tuturlar. Belə yerlərdə havalandırmanın azalması virusların artmasına səbəb olur. Virusları bir-birindən tam ayırd etmək bir qədər çətindir, bunu yalnız analiz nəticəsində dəqiq müəyyənləşdirmək mümkündür. Amma bəzi əlamətlər var ki, bunları koronavirus və digər viruslardan tam ayırd etmək olur. Məsələn, koronavirusda burun axması müşahidə edilmir, bəzən bu, yüngül formada olur. Amma ümumi götürəndə burun axması müşahidə edilmir, əksinə, burunda quruluq olur. Təbii ki, digər viruslarda da burun axması, asqırma müşahidə edilir. Koronavirusda zökəm əlamətləri elə də qabarıq fonda olmur. Bundan əlavə, koronavirus tədricən başlayan bir xəstəlikdir. Yəni burda boğaz ağrısı ola bilər, yaxud da bir az ümumi narahatlıq, halsızlıq. Bir neçə gündən sonra artıq xəstəlik yavaş-yavaş kəskinləşməyə başlayır və qızdırma qalxır. Ancaq digər viruslarda və qripdə bu xəstəlik birdən-birə başlayır, yəni insan özünü xəstə hesab eləmədiyi halda bir günün içində boğaz ağrısı, asqırma, halsızlıq kimi hallar birdən-birə müşahidə edilir. Koronavirus da isə birdən-birə olmur. Digər xüsusiyyət koronavirusda qızdırmanın olmasıdır, bu, koronavirusda əsas simptomdur. Amma digər xəstəliklərdə qızdırma demək olar ki, olmur. Çox az hallarda immuniteti zəif olan insanlarda ola bilir. Ümumiyyətlə, qrip dediyimiz virus daha ağır gedişlidir. Bu da yaşlılarda pnevmoniyaya səbəb ola bilər". 

Aynurə Pənahqızı