Pandemiya da dərs olmadı, virus yayırlar


Azərbaycanda insanlar görüşəndə yenə də bir-biri ilə öpüşmək vərdişindən əl çəkmirlər

Hər bir zaman yeni bir informasiya almaq çox maraqlı və faydalıdır. Hansısa bir ölkəyə gedərkən, üz tutduğumuz yer haqqında tam məlumatlanırıq. Hər bir xalqın özünə aid xüsusiyyətləri var. Bunlardan biri odur ki, hər bir ölkənin özünəməxsus salamlaşma qaydaları var. Məsələn, Fransada qeyri-rəsmi şəraitdə, hətta az tanış olan insanlar belə salamlaşarkən və ya sağollaşarkən öpüşürlər və yanaqları ilə toxunaraq havaya birdən beşə qədər sayaraq öpüş göndərirlər. 

İtaliya, İspaniya, Belçikada iki yanaqdan öpmək artıq adət şəklini alıb. Rusiyada insanlar rastlaşanda bir-birinə sağlamlıq, yüksək əhval-ruhiyyə arzu edirlər. Ruslar da avropalılar və amerikalılar kimi salamlaşarkən dost jesti olaraq əl verirlər. Əl sıxmanın da bir mənası var. Sağ əli uzatmaq yəni silahım yoxdur, niyyətim safdır deməkdir. Alman  öpüşməyi sevməyən bir xalqdır, hətta ”soyuq” bir millət kimi tanınırlar. Onlarda qaydaya görə, saat 12-yə qədər “Sabahın xeyir”, 12-17-yə qədər “Günortan xeyir”, sonra isə “Axşamın xeyir”deyirlər, ancaq bəzən adi salamla kifayətlənirlər. 

Almanlar həddindən artıq mehriban və sevgi hissi ilə dolu insanlara pis baxırlar, onları “sırtıq” adlandırırlar. Maraqlı bir salamlaşma növündən birini  də Konqoda müşahidə etmək mümkündür. Bu ölkədə yaşayan insanlar salamlaşarkən əllərini bir-birinə doğru uzadıb, sonra onlara üfürməyə başlayırlar. Digər qəribə bir salamlaşma növü ilə Keniyada rastlaşmaq olar. 

Onlar bir-biri ilə qarşılaşıb salamlaşarkən mütləq tüpürməlidilər. Belə salamlaşmanın mənası odur ki, insanlar bir-birinə qarşı olan hörməti göstərmiş olurlar. Avropa ölkələrinin əksəriyyətində və Amerikada salamlaşarkən “işləriniz necədir” və yaxud “necəsən” deyə soruşurlar. Bu sualların cavabı “yaxşı” və ya “normal” olmalıdır, “pis” demək onlarda ədəbsizlik sayılır. Çində və Yaponiyada insanlar görüşəndə bir-birlərinin qarşısında baş əyməlidirlər, ancaq onlar əllərini bədən boyunca uzadırlar. Baş əymək bir hörmət göstəricisi kimi sayılır, bu hərəkət daha çox cavan nəslin yaşlılara qarşı olan gözəl bir jestidir. Hindistanda salamlaşma qaydasına görə hörmət əlaməti olaraq əllərini bərabərləşdirib sinəyə tuturlar. Bu da “sənə qarşı böyük bir hörmətim var” anlamına gəlir, ərəblərdə də buna oxşar bir salamlaşma növü var. Sadəcə hindistanlılardan fərqli olaraq əllərini sinələrinin üstünə qoyurlar. Qəribə və eyni zamanda, çox maraqlı bir salamlaşma növü ilə “sirli” Tibetdə rastlaşmaq olar. Bu ölkədə yaşayan insanlar görüşəndə sağ əllə papaqlarını çıxarıb, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər. Bu salamlaşma növünün qədim tarixə gedən çox maraqlı kökləri var. Qədim miflərə görə, insanlara qarşı çox zalım və qəddar kral Lanq Darmanın dili etdiyi pisliklərdən artıq qaralmışdı və insanlar bir-birlərinə dil göstərərkən nə dərəcədə xoşniyyətli və təmiz fikirli olduqlarını sübut edirlər. Cənubi Afrikada yaşayan tayfalar isə görüşəndə əl çalırlar. Əl uzadıb yanaqdan öpmək adəti isə Azərbaycandadır. Azərbaycanda uzun müddətdir ki, pandemiya olsa da insanlar bu vərdişlərindən əl çəkmir.  Nə səbəbə görə insanlar bu vərdişlərindən əl çəkmir?
Həkim-psixoloq Zeynəb Eyyubova açıqlamasında bildirib ki, əslində bu, bəzi insanların heç də xoşuna gəlmir: "Ümumiyyətlə,  insanların bir çoxu kiminsə onun yanağından öpməsini xoşlamır. Lakin qarşıdakı insan onu nəzərə almadan daha emosianal şəkildə onu öpməyə çalışır və bu da onlarda bəzən qıcıq yaradır. Cəmiyyətdə geniş yayılan bu vərdişin əsas səbəbi isə insanlar bir-birinə mehribanlığını, səmimiyyətini göstəmək istəyidir. Ancaq bu məsələnin bir də gigiyenik tərəfi var. Öpüşüb-görüşmək əslində bir çox xəstəliklərin yayılma üsuludur. Bununla insanlar qızılca, suçiçəyi infeksiyasının, dəri xəstəlikləri, herpes infeksiyası, hava-damcı yolu ilə yayıla biləcək infeksiyaları rahat bir şəkildə bir-birilə yoluxdura bilər. Yəni hava-damcı yolu ilə olan infeksiyalar dəri səthinə yapışır, dəri səthinə də yapışdığı tədqirdə həmin dəridən öpürsənsə, məlum məsələdir ki, ağız virus üçün, bakteriya üçün birbaşa qapı rolu oynayır. Düzdür, salamlaşmaq mədəniyyətdir. Ancaq bunun da özünəməxsus özəl etik qaydaları var. Məsələn, bir və ya iki dəfə gördüyümüz adamı qucaqlayıb öpmək səmimiyyətdən sayılmaz. Yaxşı olardı ki, səmimiyyətimizi isbat etmək üçün daha uyğun yollar axtaraq".

Aynurə Pənahqızı