6 yaşı var, çəkisi 68 kiloqramdır


Mustafa daim aclıq hiss edir, onu məktəbə anası aparıb-gətirir 

Türkiyənin Qaziantep şəhərində doğuşdan Prader-villi sindromu xəstəsi olan Mustafa Özdəmir 6 yaşında 68 kiloqram çəkiyə sahibdir. Yeganə istəyi yaşıdları kimi qaçıb-oynamaq olan Mustafanın anası oğluna qulluq etməkdə çətinlik çəkdiyini bildirərək, yardımsevər insanlardan oksigen balonu və qaçış lenti əldə etmələrinə yardımçı olmalarını istəyir. “Milliyyet.com”un yazdığına görə, Mustafa Özdəmir 2015-ci ildə dünyaya gəlib. Uşaq 3 yaşına çatanda valideynləri müxtəlif rahatsızlıqları olduğunu və həddindən artıq kökəldiyini görüb həkimə müraciət edib. Mustafaya genetik test aparılıb. Testin nəticələrinə görə, Mustafada dünyada 16 min insanda rast gəlinən köklük xəstəliyi - Prader-villi sindromu diaqnozu qoyulub. Bu xəstəliyin müalicəsi yoxdur. Xəstələr davamlı aclıq  hiss edir və qidalanmaq istəyirlər. Mustafa da belədir. Davamlı qidalandığından 6 yaşında 68 kiloqram çəkiyə sahib olub. Köklük səbəbindən danışmaqda çətinlik çəkir, hərəkət edə bilmir, əzələ boşalmaları problemi ilə yaşayır.  Bu il Mustafa ibtidai sinfə gedib. Onu məktəbə anası aparıb-gətirir. Mustafanın atası isə deyir ki, uşaq dünyaya gələndə normal çəkidə - 1 kiloqram 300 qram olub. Lakin zaman keçdikcə uşağın sürətlə kökəldiyini fərq ediblər.  Xəstəlik səbəbindən Mustafa yaşıdlarından geri qalır. Mustafaya həkimlər arıqlamaq üçün dərmanlar təyin  edir, lakin heç nə kökəlmənin qarşısını almır. Ailə həm Mustafaya qulluq etməkdə, həm də müalicə xərcləri baxımından çətinlik çəkir. Mustafa dərsə gedərkən çox əziyyət çəkir. Məktəbin zəngi çalınandan ancaq 10 dəqiqə sonra sinfə daxil ola bilir. Mustafanın nəfəs alması da çətinləşib. Valideynləri oksigen balonu və qaçış lentini də bu səbəbdən əldə etmək istəyir. Anası “oğlumu bu halda görmək ürəyimi dağlayır. Oğlumu yaşıdları kimi qaçıb oynayan görmək, dostlarıyla əylənən görmək istəyirəm” söyləyib. 

Məlahət