İki uşağın faciəsi...

Necə olur ki, illərlə təbiət qoynunda yaşamış insanlar səhvə yol verir, zəhərli göbələklə faydalısını ayırd edə bilmir?

"Göbələk toplandıqdan sonra 8 saat ərzində istehlak edilməlidir. Onu uzun müddət saxlamaq olmaz"
Qax rayonunda iki uşağın göbələkdən zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma başlanıb. Baş Prokurorluğun məlumatında bildirilir ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. 12 yaşlı Murad Qasımlı və 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.

Bölgədə belə bir faciəli hadisənin yaşanması bir sıra suallar doğurur. Bölgə əhalisi adətən bilikli olur. Yabanı bitkiləri yaxşı tanıyırlar. Nəzərə alsaq ki, payız fəslində göbələklər artır, əhalinin onlara marağı başadüşüləndir. Göbələk dadlı qidadır. Lakin necə olur ki, illərlə təbiət qoynunda yaşamış insanlar səhvə yol verir, zəhərli göbələklə faydalısını ayırd edə bilmir? Belə mülahizə də var ki, göbələkdən zəhərlənmə qidanın hazırlanma qaydası pozulduğuna görə də baş verə bilər. Necə ki, pomidor, xiyar turşuları məhz düzgün konservləşdirilmədiyi üçün zəhərlənmələrə səbəb olur. 

Qida məsələləri üzrə mütəxəssis Elsevər Fərzəliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, göbələklərin özünəməxsus mikro-florası var: 

- Göbələklərin böyük əksəriyyəti zəhərli komponentlərə malikdir. Bunu nəzərə alaraq göbələklərin qidalanmada istifadəsi zamanı qaydalara ciddi əməl edilməlidir. Göbələk toplandıqdan sonra 8 saat ərzində istehlak edilməlidir. Onu uzun müddət saxlamaq olmaz. Yaxşı olar ki, göbələk toplandıqdan sonra qısa zamanda istehlak olunsun. Göbələk uzun müddət, qeyri-normal şəraitdə istifadə olunmadan qalırsa, tərkibindəki toksik maddələrdə parçalanma baş verir, bu da qida zəhərlənməsinə gətirib çıxarır. Göbələyin bişirilmə texnologiyasına diqqət edilməlidir. Göbələk diqqətlə təmizlənməlidir, mütləq qaynadılmalı, qaynadılmış su atılmalıdır. Qaynayarkən göbələyin tərkibindəki toksik maddələrin çoxu suya ötürülür. Yalnız bundan sonra göbələk qida üçün yararlı olur. Emal texnologiyasının böyük əhəmiyyəti var. Ən təhlükəli qidalar balıq, süd məhsulları, həmçinin də göbələkdir. Çünki bu məhsullar düzgün şəraitdə saxlanmadıqda tərkibində toksiki maddələrdə dəyişmə baş verir. Normal halda faydalı olan elementlər  anormal vəziyyətdə faydasız, hətta zəhərli komponentlərə çevrilirlər. Göbələk həm də allergik xüsusiyyətə malikdir. Allergiyası olanlar göbələkdən uzaq durmalıdırlar. 

E.Fərzəliyev bildirib ki, zəhərli-zəhərsiz göbələkləri heç də hamı ayırd edə bilmir. Tərkibində toksiki maddələr çox olduğundan hətta zəhərsiz hesab edilən göbələklər də saxlanma şəraiti və hazırlanma qaydası səhvdirsə, zəhərlənmələrə səbəb ola bilər. Göbələklərlə bağlı elmi ədəbiyyatlarda çox yazılıb. Göbələklərin elə növləri var ki, qoşadırlar. Biri zəhərli, digəri zəhərsiz. Bunlar ilk görünüşdə bir-birinə çox oxşayır. Yalnız göbələk tanıyanlar, bu bitkilərə bələd olanlar hansının zəhərli, hansının zəhərsiz olduğunuı ayırd edir. İnsanlar şübhələndikləri göbələkləri yaxşısı budur, toplamasın, almasın və yeməsinlər. Tam arxayın olduqda qəbul etsinlər.