Həkimlər deputatın təklifini dəstəklədi


150 nəfərlik yas mərasimlərinə icazə vermək olar

Azərbaycanda yas mərasimlərinin keçirilməsinə icazə verilsin.
Parlamentin dünən keçirilən iclasında deputat Razi Nurullayev bu təkliflə çıxış edib. Millət vəkili bildirib ki, onlarla insan ona müraciət edib: “Vətəndaşlar deyir ki, yaslara da qoyulan yasaq götürülsün. Toyların 150 nəfər olmaqla keçirilməsindəki qadağa aradan qaldırılıb. Hesab edirəm ki, yas məclislərində də 100-150 nəfər civarında iştiraka icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur”.

Təklif barədə fikirlərini “Şərq”lə bölüşən həkim Şahvələd Məmmədov deputatın fikirləri ilə razı olduğunu bildirib:

“Pandemiya dövründə 150 nəfərlik toy mərasimlərinin keçirilməsinə icazə verildiyi halda yaslara niyə əngəl olunsun? Həm toy, həm də yas mərasimlərinin qapalı məkanda  keçirilməsi onsuz da təhlükədir. Toylarda insanların məsafəli əyləşməsi, təmasda olmaması bir qədər reallığa uyğun deyil. Əslində elə yoluxma daha çox toylar vasitəsilə baş verir”.

İnfeksionist Mərdan Əliyev də bildirib ki, koronavirusa yoluxma həm toylarda, həm də yaslarda say etibarilə təqribən eynidir:

“Əsas yoluxma səbəbi insanların bir yerə toplaşmasıdır. Yaslarda qadınlar qapalı məkanda olur. Onlar yaxın məsafədən söhbət edir, öpüşürlər.  Toy məclislərində də eyni prosesdir. Xatırlayırıq ki, toylara verilən icazədən sonra yoluxma sürətlə artmağa doğru getdi. İcazədən əvvəl isə yaslarda xeyli insanın yoluxmasına şahid olduq. 

Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir. Toylar keçirilirsə, yaslarda da 100-150 nəfərə müəyyən şərtlər daxilində icazə məntiqəuyğun olar”.