Əvvəllər ətir qoxusu gələrdi...

Azərbaycanda siqaret çəkən qadınların sayı kəskin artıb

"Hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri övladları cinayətə qarşı daha çox meyilli olurlar"

Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir.
Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütün çəkənlərdir.
XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın ölümü gözlənilir.

Bəs, Azərbaycanda tütünlə bağlı vəziyyət nə yerdədir və ondan imtinaya zərurət varmı?

İnvaziv kardioloq Samir Mustafayev "Sputnik Azərbaycan"a açıqlamasında dünyada və Azərbaycanda problemin aktuallığından danışaraq bildirib ki, tütünün insan orqanizminə ziyanları haqqında nə qədər çox təbliğat aparılsa da, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır.

Onun sözlərinə görə, son zamanlar Azərbaycanda siqaret çəkən gənc qadınların sayında artım müşahidə olunur:
“Azərbaycanda aparılan tədqiqatların nəticəsinə əsasən, qadınlar arasında tütünçəkmə 1,5 faiz təşkil edir. Lakin nəzərə alsaq ki, qadınlar məlumatın gizlədilməsinə meyillidirlər, ona görə həmin statistikanı etibarlı hesab etmək olmaz. Yəni qadınlar siqaret çəkdiklərini daha çox gizlədirlər. Bəzən deyirlər, siqaret çəkən qadınların sayı artıb. Nəticə olaraq da süd vəzi xərçəngindən əziyyət çəkən qadınların sayı artıb. Çünki siqaretin tərkibində olan kanserogen törəmələr birmənalı olaraq xərçəng yaradır”.

S.Mustafayev deyib ki, Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri övladları cinayətə qarşı daha çox meyilli olurlar.

Problemin psixoloji tərəfləri ilə bağlı “Şərq”ə danışan psixoloq Gülnar Orucova son zamanlar siqaretin dəb halını aldığını bildirib.

“Əvvəllər Azərbaycanda siqaret çəkən qadınların sayı qat-qat aşağı idi. Ancaq bu gün onların sayı kifayət qədərdir və əvvəllər sadəcə gizli məkanlarda bunu edirdilərsə, indi açıq məkanlarda rahat şəkildə çəkirlər. Bəzən bunu avropalılaşmaq, yenilik kimi görürük. Amma əslində onun zərərli tərəflərini oxusaq daha çox yenilənmiş, maariflənmiş olacağıq. 

İndiki dövrdə qadınlar arasında belə halların artmasında bilavasitə sosial şəbəkələrin rolu böyükdür.  Burada gənclərlə yanaşı ölkənin sayılan, tanınmış adamları da  əllərində siqaretlə müxtəlif videolar çəkib yerləşdirirlər. İnsanlar tanınmış, üzdə olan insanlardan örnək götürür. Demək olar ki, istənilən şəxs pulunu ödəməklə teleməkanda istədiyini danışa və ya hansısa reklam çarxlarını yayımlaya bilir. Heç bir jurnalist və televiziya bunu araşdırmır. 

Bəzi televiziyalarda insanlar uyğunsuz çıxışlar edirlər ki, qadınla kişi bərabərdir və kişi siqaret çəkirsə, qadın da çəkə bilər. Bunu genderlə də əlaqələndirirlər. Mən bunu qadınlara  yaraşdırmıram. Əvvəllər qadından ətir qoxusu gələrdi, indi isə siqaret qoxusu gəlir. Bu, heç kişiyə də yaraşmır. Kişi və qadının orqanizmi həm bioloji, həm də psixoloji baxımdan fərqlidir. 

Bu fərq qidalanmada və zərərli vərdişlərdən istifadədə daha qabarıq şəkildə ortaya çıxır. Yəni qadınlara daha çox təsir edir. Bununla yanaşı, hamiləlik dönəmində narkotik vasitələrdən, eləcə də, siqaretdən istifadə edən qadınların dünyaya gətirdiyi uşaqlarda ağciyər problemləri və əqli gerilik yaranır. Eyni zamanda siqaretin fəsadları kişilərdə uzun müddət sonra qadınlarda isə 3-5 il sonra ortaya çıxır”.

Psixoloq qeyd edib ki, bunu aradan qaldırmağın ən gözəl yolu onun fəsadlarını, istifadə edənlərin sonrakı hallarını əks etdirən videoçarxlar hazırlamaq və sosial şəbəkələrdə yaymaqdır. 

“Eyni zamanda məktəblərdə maarifləndirmə işləri aparılmalıdır. Çünki əksəriyyət məhz məktəb yaşlarından bu zərərli vərdişə başlayır. Bununla yanaşı azyaşlılara tütün məmulatlarının satılmasının qarşısı ciddi şəkildə alınmalıdır. 

Sənan İsmayıl