Bir zəng yetər! 

“Hər halda, Vahid Səhiyyə “Çağrı Mərkəzi”nin yaradılması müsbət qarşılanmalıdır. Çünki problemi olan şəxslər nazirliyə daxil ola bilmirlər”

“Yenə də deyirəm, biz bu qurumu fəaliyyətindən sonra tam qiymətləndirə bilərik”

Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyi yanında Vahid Səhiyyə “Çağrı Mərkəzi” yaradılacağını deyib. O bildirib ki, vətəndaşlar yaradılacaq “Çağrı Mərkəzi”nə müraciət edərək tiblə bağlı istənilən sualları ünvanlaya biləcəklər:

“Bu, vətəndaşların problemlərinin daha tez həllinə və sorğuların operativ şəkildə cavablandırılmasına şərait yaradacaq. Təbii ki, nazirliyin rəsmi saytı vasitəsilə daxil olan müraciətlər də qəbul olunaraq dərhal cavablandırılacaq. Eyni zamanda kağız daşıyıcılar vasitəsilə daxil olan müraciətlərə də davamlı olaraq, operativ və effektiv baxılması təmin ediləcək”.

T.Musayev onu da qeyd edib ki, səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı strategiya hazırlanır:

“Belə ki, beş illik bir dövrü əhatə edəcək strategiyanın yaxın vaxtlarda aidiyyəti üzrə təqdim olunması planlaşdırılır. Beləliklə səhiyyə sistemi də iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmağa başlayacaq”.

Səhiyyə sahəsində baş verəcək yenilikləri “Sherg.az”a dəyərləndirən Tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı  bildirib ki, Vahid “Çağrı Mərkəzinin yaradılması yaxşı təşəbbüsdür:

“Əvvəlcədən qurumun necə olacağı haqqında heçnə deyə bilmərik. Fəaliyyətindən sonra onu qiymətləndirmək olar. Amma hər halda, belə bir mərkəzin yaradılması müsbət qarşılanmalıdır. Çünki problemi olan şəxslər nazirliyə daxil ola bilmirlər. Məktub vasitəsi ilə müraciət edirlər. Bu məktubların da cavabı gecikir və problemin həll olunma müddəti uzanır. Əvvəllər Səhiyyə Nazirliyində “Məktublar və Şikayətlər” şöbəsi var idi, yəqin ki, hələ də var. Hər bir vətəndaşın əli ora çatırdı və qəbula düşə bilirdi. İndi isə bu çox çətindir. Bu baxımdan yaranacaq mərkəz alqışlanmağa dəyər. Heç olmasa, insanlar sözlərini telefon vasitəsi ilə deyə bilər. İndi buna əməl edilib-edilməyəcəyini, zənglərin gec, ya tez cavablandıralacağını bilə bilmərik. Xüsusilə regionlarda yaşayanlar üçün bu daha əlverişli olacaq. Çünki hansısa problemi həll etmək üçün insanlar xeyli zaman itirirdi- işdən icazə almaq, yol pulu, burada qalmaq və.s kimi məsələlər də var idi. Hazırda isə ən azında ilkin olaraq, zənglə istənilən məlumatı ala biləcəklər. Bu həm də vaxta və maddiyyata qənaət olacaq. Yenə də deyirəm, biz bu qurumu fəaliyyətindən sonra tam qiymətləndirə bilərik”.

Çimnaz Şahlar