Həkim sərt danışdı: “Poliklinikanın analiz üçün reaktivi yoxdursa...” – Keyfiyyət aşağıdır! 

“İstər poliklinika olsun, istər xəstəxana, dövlət müəssisələrində keyfiyyətdən söhbət gedə bilməz” 

“Müayinə üçün olan avadanlıqlar 30-40 ilin avadanlığıdırsa, onun necə keyfiyyətini yaxşılaşdırmaq olar?!”

Təbii ki, nəzarət yaxşı haldır, amma əvvəl şəraiti yaratsınlar sonra nəzarət etsinlər”.


“Yaxın zamandan Səhiyyə Nazirliyi tabeliyindəki tibb müəssisələrinin akkreditasiya və keyfiyyətə nəzarət mərkəzi yaradılacaq”. Bu barədə səhiyyə naziri Teymur Musayev məlumat verib.
Nazir qeyd edib ki, bu mərkəzin fəaliyyəti standartlara uyğun olaraq tibb müəssisələrini sertifikasiyadan keçirmək olacaq:
“Beləliklə biz davamlı olaraq tibb müəssisələrində keyfiyyətə nəzarəti həyata keçirə biləcəyik”

Sözügedən mərkəzin yaranmasına münasibət bildirən Tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında qeyd edib ki, nəzarətdən öncə tibb müəssisələrində keyfiyyət təmin olunmalıdır:

“Heç kəsə sirr deyil ki, dövlət müəssisələrində keyfiyyətdən söhbət gedə bilməz, istər poliklinika olsun, istər xəstəxana.Hər birimiz şəraitin nə vəziyyətdə oluğunu görürük. Təbii ki, hər yerdə nəzarət lazımdır.

 Amma nəzarətdən öncə orada şərait yaradılmalıdır. Əvvəl səbəb, sonra nəticə olmalıdır. Özəl klinkalarla dövlət xəstəxanaları arasında ağlasığmaz dərəcədə fərq var.

Keyfiyyətin yaxşılaşdırılması necə ola bilər ki? Əgər bir poliklinikanın elementar analiz etmək üçün reaktivi yoxdursa, müayinə üçün olan avadanlıqlar 30-40 ilin avadanlığıdırsa, onun necə keyfiyyətini yaxşılaşdırmaq olar?! Təbii ki, nəzarət yaxşı haldır, amma əvvəl şəraiti yaratsınlar sonra nəzarət etsinlər”.

 Çimnaz Şahlar