“Ali məktəblərdə vəziyyət təhlükəli deyil” - Tətil uzadılmasın!

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddətinin uzadılması təklif edilib.
Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
O bildirib ki, koronavirusun "Omikron" ştamının epidemiyası ölkəmizdə bir aydan artıqdır ki, davam edir və yoluxma pik həddinə çatmaqdadır:
"Omikron ştamı yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuq xassəsi ilə fərqlənir, remissiya dövrü qısadır, az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına səbəb olur. Buna görə də omikron infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük. Ali məktəblərdə qış tətili fevralın 15-də bitir. Yeni təhsil sessiyasının başlanması omikron ştamı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyil. Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir. Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq, üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaq. Bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təklif edirəm ki, təhsil müəssisələrində qış tətiinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sesiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin. Lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10-15 gündə omikronun yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik".

Təklifi dəyərləndirən təhsil eskperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında orta məktəblərlə ali təhsil müəssisələrini müqayisə edib. O bildirib ki, ali təhsil müəssisələri üçün vəziyyət təhlükəli deyil:

“İlk növbədə qeyd edim ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə, eyni zamanda 54 orta təhsil ixtisas müəssisəsində 56 min tələbə təhsil alır. Birmənalı şəkildə bu qədər insanın birdən-birə aktiv hərəkət etməsi təbii ki, yoluxma sayına öz təsirini göstərəcək. Amma ali və orta təhsil müəssisələrində vəziyyət o qədər də təhlükəli deyil. Ona görə ki, orta məktəblərlə müqayisədə burada say azdır. Bizim orta məktəblərimizdə 1.6 milyon şagird təhsil alır. Rəqəmləri müqayisə etdikdə görürük ki, ali məktəblərdə rəqəmlər orta məktəbdəki rəqəmlərdən 10 dəfə azdır. Bundan başqa, ali məktəblərdə təhsil alan tələbələr daha anlayışlı şəxslərdir. Onlar pandemiya dövrünün qaydalarına daha yaxşı əməl edə bilirlər. Bundan başqa tələbələrin böyük əksəriyyəti öz evlərində yaşamır, yəni onlar yoluxsalar belə, potensial yoluxucu qismində olmurlar. Orta məktəblərdə vəziyyət daha fərqlidir. Şagirdlərin virusu ailə üzvlərinə yoluxdurma riski var. Bundan başqa biz 20221-ci ilin 22 sentyabrında  orta məktəblərdə, 29 sentyabrında ali məktəblərdə dərslər açılandan sonra yoluxma rəqəmlərinin müqayisəsi zamanı gördük ki, ali məktəblərdə vəziyyət o qədər də təhlükəli deyil. Maksimum tələbə sayına malik ali məktəblər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetləridir. Burada 20 min tələbə təhsil alırsa, infrastruktur daha yaxşıdır. Xüsusilə, BDU tələbələrin normal təhsil alması, eyni zamanda pandemiya dövründə tədrisin təşkili üçün bütün imkanları qura bilib. Eyni zamanda, BDU, universitetin girişində tələbələri insan olmadan təmassız halda quraşdırdığı avadanlıqlarla yoxlaya bilir”.

Təhsil eksperti vurğulayıb ki, universitetlərdə distant formaya yaxud, tətilin uzadılmasına ehtiyac yoxdur:

“Ali təhsil müəssisələrinin tədrisinin bərpasında bizim üçün təhlükəli şərait yoxdur. Digər tərəfdən Təhsil Nazirliyi qeyd edirdi ki, biz akademik gecikmənin qarşısını almaqdan ötrü ali məktəblərdə tələbələrin köçürülməsi dayandırmışıq. Bunu nəzərə alsaq, düşünmürəm ki, ali məktəblərdə dərslər bir iki həftə yubanmalıdır, yaxud distant formaya keçid etməlidir. Buna ehtiyac yoxdur. Hazırda ali təhsil müəssisələri təhlükəli yoluxma rəqəmləri ortaya qoymurlar. Əgər orta məktəblərdə 150 min müəllim çalışırsa, ali təhsil müəssisələrində çalışan müəllimlərin sayı bundan dəfələrlə azdır.  Cəmi 40 min müəllim ali və orta ixtisas təhsil müəssisələrində çalışır”.

K.Əsədov qeyd edib ki, bizim üçün ən ciddi problem bu məsələnin orta təhsil məktəblərindəki həllidir:

“Tələbələr yanvar ayının sonundan etibarən evdədirlər, itirdikləri enerjini bərpa ediblər. Ali təhsil müəssisələrində qırılma nöqtəsi var. Bu müəssisələr hətta pandemiyanın ən sərt dövründə belə yoluxma üçün təhlükə mənbəyi deyildi. Buradakı tələbələr kifayət qədər təcrübəli insanlardır. Ona görə bizim ali təhsil müəssisələrinin hər hansısa bir uzanmaya, tətilə keçməsinə ehtiyac yoxdur. Bundan başqa ali təhsil müəssisələri dərslərini onsuz da hibrid formada həyata keçirirdilər. Tam şəkildə tədris bərpa edilməmişdi - seminar dərsləri ənənəvi, mühazirələr onlayn idi. Ali təhsil müəssisələrində hər hansısa bir qapanmaya əsas vermir. Təbii ki, yoluxma sayı kifayət qədər çoxdur. Ali təhsil müəssisələrinin yoluxma rəqəmlərində faizi çox cuzidir. Bizim üçün ən ciddi problem bu məsələnin orta təhsil məktəblərindəki həllidir. Düşünürəm ki, yoluxanlar arasında orta məktəb şagirdlərinin və müəllimlərin daha çox paya sahib olduğunu bilirik. Çünki burada daha kütləvi təhsil var. Hazırda 4.432 məktəb və 51 universitet var. Bu rəqəmlə onu göstərir ki, orta məktəblər yoluxma sayında daha aktiv fazada iştirak edirlər”.

Çimnaz Şahlar