Bazarda kimyəvi maddələrdən hazırlanan qəndlər satılır

Azad İstehlakçılar  Birliyi dövlət orqanlarına məktub hazırlayır

Azərbaycan və Türkiyə qida sertifikatlarını qarşılıqlı tanıyacaq. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi karantin tətbiq edilən zərərli orqanizmlər barədə məlumat mübadiləsi aparacaqlar. Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. 

Layihəyə görə, hər iki ölkədə qida məhsullarına verilən sertifikat nümunələrinin ekvivalentlik prinsipinə müvafiq olaraq qarşılıqlı mübadiləsi, tanınması və dəyişikliklər barədə məlumat verilməsi təmin olunacaq. Eyni zamanda tərəflər dövlətlərin milli qanunvericiliyinə əsasən, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış qida məhsulları, eləcə də baytarlıq və fitosanitar nəzarəti altında olan qida məhsulları barədə məlumat mübadiləsi aparacaqlar.

Qeyd edək ki, bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Bu saziş qeyri-müəyyən müddətə qüvvədə qalır. Tərəflərdən biri istənilən vaxt digər tərəfə bu sazişin ləğv edilməsi niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı olaraq məlumat verə bilər. Ləğvetmə belə bildirişin alınmasından 6 ay sonra qüvvəyə minir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, AQTA-nın gördüyü işlər dayanıqlı deyil, epizodikdir: 

"Məsələn, hazırda AİB ölkədə satılan, təhlükəli kimyəvi yolla hazırlanan kəllə qəndlər barədə dövlət orqanlarına məktub hazırlayır. 2019-cu ildə kimyəvi maddələr qarışdırılan təhlükəli qəndlər barədə AİB AQTA-ya məlumat verib. AQTA prokurorluqla birgə işlər aparıb. Cinayət işi qaldırılıb. Bir neçə müəssisə bağlanıb. Amma bu gün həmin kimyəvi qəndlərin yenidən satıldığını müşahidə edirik".

E.Hüseynov AQTA-nın Türkiyə ilə apardığı işlərin zəruriliyini vurğulayıb:

 "Lakin etiraf etməli olduğumuz bir məqam var. Biz onu da etiraf etməliyik ki, AİB ona illərlə gələn məlumatlar əsasında belə qənaətə gəlib ki, Türkiyədən Azərbaycana genetik modifikasiya olunmuş orqanizmlər (GMO)-bitki məhsulları keçirilir. Onlar sertifikatlaşmada görünmür. Bu məsələdən çox narahatıq. Ölkədə bir neçə demo laboratiya olsa da, partizan kimi susurlar. O cümlədən AQTA-nın laboratoriyası hələ də xaricdən gələn və ya yerli mallar, onların genetik modifikasiyası barədə məlumat vermirlər. Bununla razı deyilik. Arzu edirik ki, ölkələr arasındakı mübadilə sertifikatlar tanınır deyə yoxlanışa ehtiyac görülməməsinə gətirib çıxarmaz. AİB məsələni diqqətdə saxlayacaq. Təəssüf ki, AİB AQTA-da İctimai Şuranın üzvü olsa da, bu kimi analoji məsələlər orada müzakirəyə çıxarılmır. İctimai Şuranın AQTA-nın kollegiyasında qəbul olunan qərarlardan əfsuslar olsun ki, xəbəri yoxdur".