Paketlər ləğv olunmalıdır

Tibbi sığorta bütün vətəndaşları əhatə etməlidir

Parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dərmanların qiymətindən şikayətlənib. Millət vəkili Milli Məclisin ötən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı həm ölkəmizdə, həm də dünyada sonsuzluq probleminin getdikcə artdığını bildirib. Deputat təklif edib ki, sonsuzluqdan əziyyət çəkən ailənin süni mayalanma ilə bağlı bir dəfə xərci icbari tibbi sığorta çərçivəsində qarşılansın: 

"Sonsuzluğun müalicəsində istifadə olunan dərmanların da qiymətləri olduqca yüksəkdir. Çox xahiş edirik ki, müvafiq qurumlar bu məsələyə baxsınlar. Hər bir ailə üçün övlad sahibi olmaq önəmli məsələdir. İnsanlar bilir ki, tibbin imkanlarının onlara kömək olması mümkündür. Amma pulsuzluğa görə bundan istifadə edə bilmirlər. Biz bunu icbari tibbi sığorta çərçivəsində qarşılaya bilsək, nə qədər boşanmaların qarşısını ala bilərik. “Reproduktiv sağlamlıq haqqında” qanunun da artıq qəbul olunmasına çox ciddi ehtiyac var”.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb üzrə elmlər doktoru,  professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqi bütün vətəndaşları əhatə edir:

"Buna görə də dövlətin sosial müdafiə məqsədilə yaratdığı bütün paketlər ləğv olunmalı, ana və uşaq mühafizəsi, vərəm əleyhinə, diabetik, ankoloji xəstələr üçün ləğv edilib, icbari tibbi sığorta paketinə keçməlidir. Süni mayalanma bahalı bir prosedur olduğu üçün bəzən əsassız yerə aparılır. Xəstələr tam müayinə olunmur. Dövlət nəzarəti altında xəstənin süni mayalanmaya konkret göstərişi olması müəyyən edilməlidir. Bir dəfə verilən şans yaxşı olardı ki, çox etibarlı şəkildə təmin edilsin. Uğurlu sonluqla bitsin. Bildiyimiz kimi, süni mayalanma nəticəsinə təminat yoxdur. Bundan başqa, süni mayalanma prosesində demoqrafiya, milli kimlik kimi digər nüanslar mövcuddur. Belə məsələlərə də dövlət nəzarət etməlidir. Həmçinin anonimliyin qorunması ilə vətəndaşların hüquqlarının müdafiəsini də hökumət diqqətdə saxlamalıdır".