Yoluxma sayı mart ayında sürətlə azalacaq

Üzü yaya doğru sıfıra yaxın bir rəqəmlə üzləşəcəyik

Ötən həftə dünyada COVID-19 infeksiyasına 16 milyon 97 min 642 yoluxma halı aşkar edilib. Bu da öncəki həftə ilə müqayisədə 19 faiz azdır. Həmçinin həftə ərzində ölüm hallarının sayı 4 faiz artaraq 74 min 494 nəfərə çatıb. 
Bu faktlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində yer alıb. Məlumata görə, ötən həftə Qərbi Sakit okean regionunda yoluxma halları 19 faiz artsa da, digər bölgələrdə azalma müşahidə olunub. Yoluxma sayındakı azalmalar Cənub-Şərqi Asiyada 37, Amerikada 32, Afrikada 30, Avropada 16, Şərqi Aralıq dənizi regionunda isə 12 faiz təşkil edib.

Həftəlik ölüm sayı Şərqi Aralıq dənizi regionunda 38, Qərbi Sakit okean regionunda 27, Afrikada 14, Amerikada 5 faiz artıb. Həmçinin Avropada bu göstərici dəyişməz qalıb. Cənub-Şərqi Asiya regionunda isə 9 faiz azalıb.
Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan "Worldometer" portalının məlumatına əsasən, indiyədək dünyada koronavirusa yoluxanların sayı 416 milyon 440 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 858 min 925 nəfərə çatıb. 339 milyon 357 min nəfər bu xəstəlikdən sağalıb. 
Həkim-infeksionist Mərdan Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, hazırda yoluxma artıq pik həddə çatıb:

"Bundan sonra yoluxma sayı azalmağa başlayacaq. Böyük ehtimalla mart ayından enmələr müşahidə ediləcək. Hətta sürətlə düşəcəyini düşünürəm. Üzü yaya doğru hər halda sıfıra yaxın bir rəqəmlə üzləşəcəyik".  

Həkim-infeksionist Nicat Əzimli isə əlavə edib ki, "Omikron"un ilk aşkarlandığı ölkənin Cənubi Afrika olduğu hər birimizə məlumdur:

"Digər ölkələrdə də oxşar dinamika müşahidə olunur. Təbii ki, fərqliliklər də mövcuddur. Ölkə üzrə orta statistikaya görə, yoluxma 4-6 həftə ərzində pik həddə çatır. Daha sonra isə qısa müddətdə sürətlə azalmağa doğru gedir. Bu, "Omikron"un xarakteristikasıdır. Azərbaycanda da bu variant yanvar ayının ortaları, təxminən üçüncü həftəsi aşkarlanıb. Ən yüksək həddə çatması təqribən indiki tarixlərə və maksimum bundan sonrakı həftəyə təsadüf edir. Fevral ayının sonu, martın əvvəllərindən  yoluxma səngiməlidir. Amma bu, sadəcə bir təxmin və "Omikron" ştammının üzə çıxdığı ölkələrdə gedişat dinamikasıdır. Müxtəlif faktorların da təsiri vəziyyəti dəyişə bilər. Təhsil müəssisələri, mərasimlər kimi yoluxma artımına şərait yaradacaq müəyyən qərarlar azalmanı bir az gecikdirə, ləngidə bilər. Bundan əlavə, yeni mutant variantın yarana bilməsi ehtimalını da nəzərə almaq lazımdır. Əgər olarsa, "Omikron" kimi sürətli şəkildə yayılar".