Təkcə Bakıda deyil, bölgələrdə də şagirdlər qidadan zəhərlənir

“Məktəblilərin qida bələdçiləri” problemin öhdəsindən gəlməyə xeyli yardımçı olacaq

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinə start verib.
Brifinqdə AQTA, UNICEF və Təhsil Nazirliyinin məsul əməkdaşlarının iştirakı  ilə layihənin məqsədi və həyata keçirilmə metodikası haqqında media nümayəndələri məlumatlanıb.  

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, "Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün (ilkin mərhələdə 30 nəfər) 12 mövzudan ibarət seminar onlayn formada təşkil olunub. AQTİ mütəxəssisləri tədris edəcəklər. 

Seminarlar həftədə 2 dəfə olmaqla 90 dəqiqə keçiriləcək. Seminar mövzuları əsasən qida təhlükəsizliyi, COVID-19-un profilaktikasına dair metodiki göstərişlər, sağlam qidalanmaya dair bilik və bacarıqlar, həmçinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət mexanizmləri nəzərə alınaraq hazırlanıb.

Seminarlar yekunlaşdıqdan sonra keçiriləcək imtahanı uğurla başa vuran iştirakçılar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunacaq. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti reallaşdıracaqlar.

Eyni zamanda təmsil etdikləri məktəblərdə bufetlər, sanitar qovşaq və digər ümumi istifadə olunan ərazilərə maarifləndirici məlumat banerləri yerləşdiriləcək. Məktəblilərə paylanması üçün çap materialları ilə təmin olunacaq.

   Təhsil üzrə ekspert Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır:

 "Təkcə birinci sinifdə oxuyanların sayı 165 min, ibtidai siniflərdə isə 640 minə yaxındır. Bu, ciddi rəqəmdir. Xüsusən ibtidai sinif şagirdləri qidalanma ilə bağlı bəzi hallarda problemlər yaşayırlar. 

Bu addım olduqca müsbətdir. Nəzərə alaq ki, Azərbaycanda yeni layihə olan "məktəblinin dostu" məktəbdə təhlükəsiz mühit yaradır. Bəzən uşaqlar evdən qida gətirir və təhlükəsizliyə riayət etmirlər". 

Ekspert diqqətə çatdırıb ki, təkcə şəhər daxilində deyil, bölgələrdə də şagirdlər qidadan zəhərlənirlər:

"Əlbəttə ki, bu qida təhlükəsizliyinə əməl edilməsində problemlər var. Məsələn, kimsə evdən qida gətirə bilər. Bu da zəhərlənməyə səbəb olur.  Eyni zamanda düzgün qidalanma məsələsinə əməl olunmalıdır. 

Məktəblərimizdəki bufetlərdə müvafiq qanunvericiliklə qadağan edilən qidalardan istifadə edilməməlidir. 

Yağda qızardılmış "peraşki" kimi məhsulların satışı yolverilməzdir. Standartlaşdırılma və epidemiologiya qurumu bu qidaları qadağan edib. Məktəb bufetlərində onlara icazə verilmir. Uşaqlar arasında çəki artımı kimi problemlərə rast gəlinir.

  AQTA-nın reallaşdıracağı layihə mövcud problemlərin aradan qaldırılmasına müsbət təsirini göstərəcək".