Şəkər xəstələrinə dərman növbəsində zülm yaşadırlar

Halbuki, onları sistemli şəkildə zəng edib, çağırmaq olar

"Onsuz da bu xəstəlik insanların sinir sistemini çox gərgin vəziyyətə salır. Antipatiyalar, neyropatiyalar yaranır"

Ötən gün sosial şəbəkələrdə şəkərli diabetdən əziyyət çəkən insanların pulsuz dərman almaq üçün xəstəxana qarşısında kütləvi növbəsini əks etdirən görüntülər yayılıb. Həmin görüntülər Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında çəkilib. Kadrlardan da aydın görünür ki, xəstələr dərmanları növbəli şəkildə ala bilmir. Yayılan görüntülərlə bağlı Quba RMX-dən bildirilib ki, şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələri mərhələli şəkildə verilir:

"Vətəndaşların müraciəti eyni günə təsadüf etdiyindən dərman vasitəsinin verilməsində sıxlıq müşahidə olunub. Qısa müddət ərzində növbəlilik prinsipi gözlənilməklə bütün şəkər xəstələrinə dərmanların verilməsi reallaşdırılacaq". 
Şəkərli diabet xəstələrinə dərmanların verilməsində bəzən belə axsaqlıqlara rast gəlirik. Amma nəzərə almaq lazımdır ki, o insanlar dərman əldə etmək üçün saatlarla növbə gözləyirlər. Əsəb keçirirlər. Nəticədə keçirdikləri gərginlik onların ziyanına işləyir.

Tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Şərq"ə açıqlamasında bildirib ki, şəkər, vərəm kimi xəstəliklər sosial yönümlü məsələlərdir:

"Bu sahədən olan xəstələrə diqqət göstərilməsi hər bir dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Şəkər xəstəliyi uzun müddət müalicə tələb edir. Hətta insana bir ömür yoldaş olur. Xəstəliklərin müşahidəsi, müalicəsi uzunmüddətli olduğu üçün dövlət müəyyən qədər pasiyentləri dərmanla təmin edir. Statistikaya nəzər salsaq, şəkərli diabet xəstəliyinin sayının günbəgün artdığını görəcəyik. Ona görə də növbədə dayananlar dispanser qeydiyyatına düşmək üçün xəstələrin də sayı çoxalır. Dərmanların verilməsi də gecikir, sıra yaranır. Əslində bunları mərhələli şəkildə etmək mümkündür. Poliklinikalar da sahələr üzrə bölünür. Hər sahənin həkimi, tibb bacısı, qeydiyyatçısı var. Həm həkimin rahatlığı, həm də xəstənin əsəblərinin gərilməməsi üçün onları sistemli şəkildə zəng edib, çağırmaq olar. Məsələn, Tovuz rayonunda şəkər xəstələri çox əziyyət çəkir. Dərmanlar düzgün verilmir. Verilirsə də, yarımçıq təchiz edilir. Onsuz da bu xəstəlik insanların sinir sistemini çox gərgin vəziyyətə salır. Antipatiyalar, neyropatiyalar yaranır. Onlar həssas qrupa daxildirlər. Təbii ki, hər hansı həbi almaq üçün saatlarla növbədə durmaq xəstələrə mənfi təsir edəcək. Xəstədə şəkər qalxır, yaxud dərmanın içilməsi saatında sıra gözləyir. Əslində bu, problemli məsələ deyil. İstəsələr, qaydasına qoya bilərlər. Xəstələri sistemli şəkildə dəvət etmək mümkündür".