Səhiyyə ocağında müayinə pəncərədən aparılır

Xəstələr maraqlı vəziyyətlə qarşılaşıblar

  Antalyanın 30 saylı M. İhsan Oğul Ailə Sağlamlığı Mərkəzinə gedən xəstələr maraqlı vəziyyətlə qarşılaşıblar. Xəstələrin verdiyi məlumata görə, insanlar əvvəlcə qapıda duran polisə şəxsiyyət vəsiqəsinin nömrəsini deyirlər.

 Lakin onlar içəri buraxılmır. Polis xəstələrə deyir ki, həkim ya bayıra çıxacaq, ya da qonşu otağın pəncərəsinə gələrək onlarla söhbət edəcək.

Hadisədən təəccüblənən insanlar səhiyyə ocağının qarşısında həkimin gəlməsini gözləyirlər. Gələn həkim xəstədən şikayətini soruşduqdan sonra resept yazmaq üçün otağına qayıdır. 

Mobil telefonunun kamerası ilə qeydə alınan görüntülərdə həkimin müayinə olunmaq istəyən xəstəni əvvəlcə sağlamlıq mərkəzindən bayıra çağırdığı görünür. Xəstənin "İçəri girə bilərəmmi" sualına həkim “Pandemiya səbəbindən xəstələnməyək deyə  xəstələri içəri buraxmırıq, 2 dəfə "Covid" keçirmişəm” cavabını verir. 

Xəstə başqa sağlamlıq ocaqlarında belə qayda olmadığını dediyi halda, həkim telefonun işığı ilə xəstəni müayinə etməyə davam edir.