Türk həkimdən oruc tutanlara: Şəkər, ürək və xərçəng xəstələri ehtiyatlı olmalıdır



Ramazan ayının gəlişi ilə bir çox məsələlər yenə aktuallıq qazanır.  Daha çox diqqət çəkənsə “şəkərli diabet, kardioloji, xərçəng kimi xəstəliklərdən əziyyət çəkənlər oruc tuta bilərmi?” sualıdır. Türkiyəli kardioloq, dosent doktor Süha Çetin bu suallara ətraflı cavab verib. “Şərq” Türkiyə mediasında yer alan məlumatı oxuculara təqdim edir. Kardioloq bildirir ki, səhhətində hər hansı problemləri olanlar oruc tutmaq məsələsində diqqətli olmalıdır: “Hər hansı xəstəliyin ağırlaşmasına səbəb olacaqsa və ya hamilə, körpəsini əmizdirən, həmçinin yetkinlik yaşına çatmamış uşaqların oruc tutmasını dinimiz vacib saymır. Eyni zamanda çoxyaşlı, taqətdən düşmüş, zehni və ya fiziki qüsurları olanlara, həmçinin ağır səfərə çıxanlara da oruc vacib deyil.  Şəkərli diabetin “tip 2” növüdürsə, (40 yaşdan sonra insulin yetməzliyi yaşayanlar, gizli diabet xəstələri) bu insanlar Ramazan öncəsi şəkərin miqdarını yoxlamalı, mövcud durumlarından xəbərdar olmalıdırlar. Çünki belə xəstələrdə qanda şəkərin miqdarı yüksələ bilər, bu da orqanizm üçün təhlükəli vəziyyət yaradar. Oruc tutulması zamanı orqanizmin uzun müddət susuz qalması qanda şəkərin miqdarını artıra, damarlarda tromboz əmələ gətirə bilər. Əgər bu insanlar qanda şəkəri nəzarət altında saxlaya bilirlərsə, insulindən istifadə etmirlərsə, həkim şəkər dərmanlarının dozasını ramazan ayı boyunca yenidən təyin edə bilər. Bu halda onların oruc tutmasına bir əngəl qalmaz.  Şəkərli diabetin “tip 1” növündə isə oruc tutmaq məsləhət görülmür. 
Kardioloq ürək xəstələrinə isə oruc tutmağı ümumiyyətlə məsləhət görmür: 
- Əgər bir insan ürək-damar xəstəsidirsə, əməliyyatla stend qoyulubsa, ürək əməliyyatı, yaxud infarkt keçiribsə, qan təzyiqi daimi nəzarət altında deyilsə, oruc tutmaq tibbi nöqteyi-nəzərdən məsləhət deyil. Xərçəng xəstələrinin müalicəsi adətən fiziki və zehni olaraq stresli mərhələdən keçir. Buna görə də xərçəng xəstələrinə də oruc tutmağı məsləhət görmürük.    
Həkim ouc tutanlara da məsləhətlərini əsirgəməyib: - Sağlam olub, oruc tutmağa özündə güc, qüvvə hiss edənlər sahur və iftar zamanı bol miqdarda su içməlidir. Kafeinli içkilərdən, şəkərli qidalardan uzaq durmalıdırlar. Həzm edilməsi asan qidalara üstünlük verilməlidir. Donmamış yağlara – məsələn, zeytun yağına üstünlük verilməlidir. Tərkibində duz və qliserin faizi yüksək olan qidalar – düyü, makaron, ağ çörək, un məmulatları – məsləhət deyil.