Maska və peyvənd sertifikatına dair məhdudiyyətlər götürülür? - AÇIQLAMA

Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur. Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma halları ardıcıl üçüncü həftədir ki, azalır. 7,9 milyon yoluxma halı aşkar edilib ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 35% azdır. Azərbaycanda da yoluxma ilə bağlı azalma müşahiə olunur. Buna görə də, ölkədə pandemiya ilə əlaqədar bir çox məhdudiyyətlərin aradan qaldırılması ehtimal olunur.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildiri ki,  maskalarla və peyvənd sertifikatı ilə bağlı məhdudiyyətlərin götürülməsini gözləyirik:

“Xaricdən gələn xarici şəxslər üçün PCR metodu ilə yoxlanılan analizə ehtiyac yoxdur. Çünki insanları hər dəfə tanımaq olur. Nəzərə alsaq ki, Çin istisna olmaqla bütün dünyada artıq virusun azalması prosesi gedir. Bizdə də eyni qayda ilə belədir”. 

O, hesab edir ki, maska tamamilə ləğv olunmamalıdır:

“Məsələn infeksiyanın daha çox yayıla biləcəyi xəstəxanalarda maska taxılması daha yaxşı olar. Restoranlar, kafelər, böyük ticarət mərkəzləri və s. kimi yerlərdə isə ehtiyac yoxdur. Çünki belə məkanlara xəstələr yox, sağlam adamlar gedir. İndi yoluxma ehtimalı da çox azdır. Sadəcə, müəyyən yerlərdə səviyyəsi yüksəkdir. Belə məqamlarda maskanın məcburi taxılması ilə bağlı qayda qüvvədə ola bilər. 

Kollektiv immunitet formalaşıb deyə artıq peyvənd sertifikatına da ehtiyac yoxdur. Yalnız risk qrupuna daxil olan  şəxslər fərdi şəkildə bu peyvəndləri vurdura bilərlər”.