Şəfa verməli olan dərman zəhərləyir!-  Nə etməli? – “Monopoliya aradan qalxsın”

«Dövlət reyestrı yaradılsın, dərmanların idxalına məsul olan qurumlar bunlarla bağlı məlumatlandırılsın”

Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Hadisə şəhərin Miryusif Axundzadə küçəsində baş verib. 1994-cü il təvəllüdlü Z.Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 28 yaşlı qadının hansı səbəbdən dərman içərək zəhərlənməsi məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Dərmandan zəhərlənmə halları ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tanınmış həkim-cərrah  Adil Qeybulla bildirib ki, dərmandan və digər zəhərlənmə halları məhkəmə tibbi-ekspertizanın predimetinə aiddir:

“Yəni, bunun haqqında danışmaq üçün mütləq ortada rəy olmalıdır. O baxımdan da bəzən zəhərlənmə faktları deyilsə də, tam təsdiq edilmir. Bu hüquqi məsələdir və mütləq ekspertizadan keçməlidir”.

Doktor dərmandan zəhərlənmə hallarının baş vermə səbəblərini sadalayıb:

“Dərmanın dozası artıq qəbul olunduğu zaman toksiki vəziyyət yarana bilər. Xüsusilə də suisid hallarında, özünə qəsd məqsədilə insanlar həblərin həddən artıq qəbulu ilə bununla rastlaşa bilər. İkincisi, dərmanın tərkibində dərman əlavəsi deyilən madələr var ki, bunlar dərmana ayrıca dad, rəng strukturları verir. Bunlar bəzən keyfoiyyətsiz materialdan  hazırlanır və problem yaradır. Digər bir səbəb isə dərmanın texniki standartlara uyğun hazırlanmamasıdır. Məsələn, tərkibində təsiredici maddə  yetərincə deyil və.s. Bu zəhərlənmə yaratmır. Zəhərlənmə yaradan adətən, həmin dərmanların tam rafinasiya olunmamasıdır. Bu da texniki standarta ziddir. Bunlar pozulan zaman zəhərlənmə ola bilər. Bundan başqa tez təsir edən dərman prepartları, mələsən, arterial təzyiqi salan yaxud qaldıran, şəkərə təsir edən və.s kimi maddələr dozadan artıq  istifadəsi zamanı da dərman toksikozu yarana bilər”.

A.Qeybullanın sözlərinə görə, aidiyyəti dövlət qurumları bu sahəyə diqqət göstərməlidir:

“Dərmanların texniki standartlara uyğun gəlməməsində onları ölkəyə gətirən şirkətlər məsuliyyət daşıyır. Təəssüflər olsun ki, mütamadi olaraq, bu hallarla rastlaşırıq. Ona görə də müvafiq dövlət qurumları buna diqqəti yönəltməlidir. Yaxşı olar ki, dərman monopoliyası aradan qaldırılsın, dövlət reyestrı yaradılsın, dərmanların idxalına məsul olan qurumlar bunlarla bağlı məlumatlandırılsın”.