Türkiyədən peşəkar psixoloqlar gəlir
Onlar şəhid ailələrinə və qazilərimizə psixoloji yardım göstərəcəklər
"Sözügedən xidmət bütün regionlarda olmalıdır. Çünki müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin heç də hamısı paytaxtda yaşamır"
Fövqəladə Hallar Nazirliyi tərəfindən psixoloji problemlər yaşayan qazilərimizə, eyni zamanda doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə psixoloji yardım davam etdirilir.
Bu barədə FHN-in Mərkəz rəisi Xanım Sofiyeva mətbuat konfransında deyib. O bildirib ki, bu qəbildən olan insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə FHN-in dəvəti ilə Türkiyədən Azərbaycana gəlmiş peşəkar psixoterapevtlər və nazirliyin psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib. X.Sofiyeva söyləyib ki, bunun davamı olaraq sentyabrın 5-dən etibarən FHN-in dəvəti ilə Türkiyədən yenidən 20 nəfərdən artıq peşəkar psixoloq ölkəmizdə olacaq.
O vurğulayıb ki, türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər. Şöbə rəisi nəzərə çatdırıb ki, Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün nazirliyin “112 qaynar telefon” xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Qazilərə və doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə göstəriləcək psixoloji yardımı yüksək qiymətləndirən psixoloq Elnur Rüstəmov “Sherg.az"a açıqlamasında qeyd edib ki, bu məsələ bizim üçün böyük önəm daşıyır:
“Bu şəxslərin böyük bir qismi travmatik stres pozuntusundan əziyyət çəkən insanlardır. Belə insanlara psixoloji dəstək həm fərdi, həm də qrup şəklində mütəmadi olaraq göstərilməlidir. Bəhsi keçən sahədə bir sıra problemlər var. Bunlardan biri kadr potensialı ilə bağlıdır. İkinci problem isə xidmətin əlçatanlığı haqqındadır. Sözügedən xidmət bütün regionlarda olmalıdır. Çünki müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin heç də hamısı paytaxtda yaşamır. Bu səbəbdən rayonlarda da xidməti eynilə təşkil etmək lazımdır. Müəyyən qruplar bölgələrimizə ezam edilir. Amma onlar davamlı fəaliyyət göstərmirlər, qısa müddət bu işlə məşğul olduqdan sonra geri dönürlər. Buna cavabdeh olan qurumlar var. Düşünürəm ki, onlar birlikdə fəaliyyət göstərsə, bu problemin öhdəsindən gələ bilərik. Heç kimə sirr deyil ki, zaman-zaman qazilərlə bağlı intihar, özünə xəsarət yetirmə və s. xoşagəlməz hallarla rastlaşırıq. Ona görə də dəstəklərimizi əsirgəməməliyik. Bu təşəbbüsün isə göstərilməsi gözəldir. Biz də Psixologiya Elmi Tədqiqat İnstitutu olaraq, müharibə iştirakçıları və qazilərə psixoloji yardımları təmənnasız göstəririk”.