Göbələklərin əksəriyyəti zəhərlidir

Heç də hamı onun yararlı olub-olmamasını ayırd edə bilmir

"Göbələklərin elə növləri var ki, qoşadırlar. Biri zəhərli, digəri zəhərsiz. Bunlar ilk görünüşdə bir-birinə çox oxşayır. Yalnız göbələk tanıyanlar, bu bitkilərə bələd olanlar hansının zəhərli, hansının zəhərsiz olduğunu ayırd edə bilir"

  Şamaxı rayonunda bir ailə göbələkdən zəhərlənib. APA-nın xəbərində bildirilir ki, zəhərlənməyə məruz qaldıqları ehtimal edilən şəxslər gecə saatlarında Şamaxı Rayon Xəstəxanasına çatdırıb. Ailə üzvləri - 1987-ci il təvəllüdlü Nəsirova Rəvanə Adil qızı, övladları 2010-cu il təvəllüdlü Nəsirov Namiq Amil oğlu və 2007-ci il təvəllüdlü Nəsirova Şəbnəm Amil qızı vəziyyətləri ağır olduğundan Bakıda xəstəxanalardan birinin toksikologiya şöbəsinə aparılıb.

  Göbələkdən zəhərlənmə halları da təəssüf ki, artır. Zəhərlənmələrə bəzən meşəlik ərazilərdən, çəmənliklərdən toplanan göbələklər, bəzən satışa çıxarılan, həmçinin də konservləşmiş gəbələklərdən baş verir. Əgər zəhərlənmə toplanmış təbii göbələkdən baş verirsə, burada onu toplayan şəxslərin bilgisizliyi əsas səbəbdir. Lakin bu da təəccüblüdür ki, bölgə əhalisi adətən bilikli olur. Zəhərli, qida üçün yararlı olub-olmayan göbələkləri tanıyırlar. Əslində, tanımalıdırlar. Göbələyi tanımadan toplamaq təhlükəlidir. Göbələk dadlı, həm vitaminlərlə zəngin qidadır. Bu əhalini cəlb edir. Amma göbələyin növlərini tanımaq, haradan toplandığı, haradan alındığı, hansı şəraitdə bişirildiyi də önəm daşıyır. Bunu “Şərq”ə açıqlamasında qida məsələləri üzrə mütəxəssis Elsevər Fərzəliyev bildirdi. Mütəxəssis qeyd etdi ki, göbələklərin özünəməxsus mikro-florası var: 
- Göbələklərin böyük əksəriyyəti zəhərli komponentlərə malikdir. Bunu nəzərə alaraq göbələklərin qidalanmada istifadəsi zamanı qaydalara ciddi əməl edilməlidir. Göbələk toplandıqdan sonra 8 saat ərzində istehlak edilməlidir. Onu uzun müddət saxlamaq olmaz. Yaxşı olar ki, göbələk toplandıqdan sonra qısa zamanda istehlak olunsun. 

Göbələk uzun müddət, qeyri-normal şəraitdə istifadə olunmadan qalırsa, tərkibindəki toksik maddələrdə parçalanma baş verir, bu da qida zəhərlənməsinə gətirib çıxarır. Göbələyin bişirilmə texnologiyasına da diqqət edilməlidir. Göbələk diqqətlə təmizlənməlidir, mütləq qaynadılmalı, qaynadıldığı su isə atılmalıdır. Çünki göbələk qaynadılarkən tərkibindəki toksik maddələrin çoxu suya ötürülür. Göbələk yalnız qaynadıldıqdan sonra qida üçün yararlı hala gəlir. Burada emal texnologiyasının da böyük əhəmiyyəti var. Ən təhlükəli qidalar balıq, süd məhsulları, həmçinin də göbələkdir. Çünki bu məhsullar düzgün şəraitdə saxlanmadıqda tərkibində toksiki maddələrdə dəyişmə baş verir. Normal halda faydalı olan elementlər anormal vəziyyətdə faydasız, hətta zəhərli komponentlərə çevrilirlər. Göbələk həm də allergik xüsusiyyətə malikdir. Allergiyası olanlar göbələkdən uzaq durmalıdırlar. Allergik reaksiyalar orqanizmdə ciddi fəsadlar yaradır. Nəfəs darlığına, nəfəsalmada çətinliyə səbəb olur, insan özünü boğulur kimi hiss edir.   

  E.Fərzəliyev bildirdi ki, zəhərli-zəhərsiz göbələkləri heç də hamı ayırd edə bilmir. Tərkibində toksiki maddələr çox olduğundan hətta zəhərsiz hesab edilən göbələklər də saxlanma şəraiti və hazırlanma qaydası səhvdirsə, zəhərlənmələrə səbəb ola bilər. Göbələklərlə bağlı elmi ədəbiyyatlarda çox yazılıb. 

Göbələklərin elə növləri var ki, qoşadırlar.

 Biri zəhərli, digəri zəhərsiz. Bunlar ilk görünüşdə bir-birinə çox oxşayır. Yalnız göbələk tanıyanlar, bu bitkilərə bələd olanlar hansının zəhərli, hansının zəhərsiz olduğunu ayırd edə bilir. 

İnsanlar şübhələndikləri göbələkləri, yaxşısı budur, toplamasın, almasın və yeməsinlər. 

Tam arxayın olduqda qəbul etsinlər. Həmçinin konservləşdirilmiş göbələk aldıqda da istifadə müddətinin bitib-bitmədiyinə diqqət edilməlidir. İstifadə müddəti bitmiş və ya çox qısa müddət qalmış konservləşdirilmiş məhsulları, o cümlədən də göbələkləri alıb istehlak etmək lazım deyil. 

Mütəxəssis qeyd etdi ki, son zamanlar göbələklə hazırlanan salatlar dəb halı aldığından bir çox insan konservləşdirilmiş göbələklərə meyl edir. Salatların tərkibindəki müxtəlif tərəvəzlərlə, mayonezlə reaksiyaya daxil olduqda zəhərlənmə baş verə bilir. Çünki insanlarımız bir-biriylə uyğunlaşan və uyğunlaşmayan ərzaqları tanımırlar, bu haqda bilgiyə sahib deyillər. 

Təhlükəli vəziyyət yaranırsa, qida qəbulundan sonra orqanizmdə mənfi hallar baş verirsə, insan özünü pis hiss edirsə, yaxşısı budur, dərhal həkimə müraciət edilsin.