Dopamin çatışmazlığı ciddi problemdir


Banan, qoz, çiyələk, şokolad, günəbaxan tumu, balıq, pendir, dondurma kimi qidalar xoşbəxtlik hormonlarını artırır

  “İnsan beynində ifraz olunan dopamin hormonu bədəndən beyinə siqnal ötürən kimyəvi bir maddədir. O, insanın emosional reaksiyalarını və hərəkətlərini idarə etməkdə mühüm rol oynayır. Məhz bu səbəbdən də serotonin kimi onu da “xoşbəxtlik hormonu” adlandırırlar”. Bu sözləri psixoloq Ayşən İbrahimova deyib.  Psixoloqun fikrincə, həm zehni, həm də fiziki sağlamlığın möhkəmlənməsində dopamin  xüsusi rol oynayır. Bu hormon motivasiyanı, özünə inamı  artırır, insanda qoyulan hədəflərə çatma istəyi yaradır: “Beyin reseptorlarında yaranan hər hansı problemə görə dopamin miqdarında azalma ola bilər. Bu azalma bir çox psixi pozğunluqlara, xüsusilə depressiya və narahatlıqlara səbəb olur. Dopamin azlığında unutqanlıq, tənbəllik və sıxılma kimi ruh halları müşahidə edilir. Siqaret, alkoqol və narkotik maddələr dopaminin təkrar sorulmasını dayandırır. Beləliklə, sinir ucları arasında dopamin yığılıb qalır və beyin dopamin çoxluğunu həzz qəbul edərək bu maddələrdən yenə də istəyir. Bu da həmin maddələrdən aslılıq yaradır. Sevdiyiniz musiqiyə qulaq asdıqda, günəş işığına çıxdıqda, c vitamini qəbul etdikdə və digər xoşladığınız şeylərlə məşğul olduqda dopamin səviyyəsi artır. Dopamin çatışmazlığı müntəzəm məşq və bol protein istehlakı kimi bəzi həyat tərzi dəyişiklikləri ilə aradan qaldırıla bilər. Eyni zamanda banan, qoz, çiyələk, şokolad, günəbaxan tumu, balıq, pendir, dondurma kimi qidalar xoşbəxtlik hormonlarını artırır. Onu da qeyd edim ki, dopaminin çatışmazlığı kimi  ifrazının çox olması da zərərlidir”.