İnsan gündə ən azı 7 saat yatmalıdır


Uzun müddət yuxusuzluq ciddi problemlər yaradır

  Hazırda insanların iş rejimi, gündəlik məişət həyatında qarşılaşdıqları stress, yorğunluq, əsəb, daxili sıxıntılar, narahatlıq və s. hallar insanlarda yuxu sisteminin pozulmasına, yuxusuzluq sindromuna səbəb olur.
  Uzun müddətli yuxusuzluq isə insanın həyat fəaliyyətinə çox mənfi təsir göstərir. Yuxunun cəmi 4 saat itirilməsi insan reaksiyasını 45 faiz aşağı salır. Yaddaş pisləşir, insanda müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaranır. Yuxu rejimi pozulan insanlar asosial olur və insanlarla münasibət qurmaqda problemlər yaşayırlar.

  “PLOS Biology”yə görə, belə insanlarda beyinin bəzi funksiyaları pozula bilir. Bunlardan biri də insanın birgə hərəkət etmək və öz hərəkətlərini başqaları ilə əlaqələndirmək bacarıqlarıdır. Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, yuxu pozuntusu beyinin sosial davranışı uğurla idarə etmək qabiliyyətini zəiflədir. Yuxusuzluq təkcə insanların sağlamlığına deyil, həm də sosial qarşılıqlı əlaqəsinə zərər verir.  
  Mütəxəssislər hesab edir ki, yuxu hər bir canlının öz əqli və fiziki sağlamlığını qoruya bilməsi üçün orqanizmin özünü yenilədiyi bioloji prosesdir. Gündəlik rejimdə baş verən fiziki və zehni yorğunluqdan sonra bədənin istirahət etməsinə şərait yaradır.  
  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılovanın sözlərinə görə, yuxusuzluq insanı uzun müddət narahat etdiyi təqdirdə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər: “Yuxusuzluq  yuxuya getmək və ya yuxuya getməkdə çətinlik çəkən yuxu pozğunluğudur. Yuxusuzluğun simptomları yuxuya getməkdə çətinlik, gecə ərzində yuxudan tez-tez oyanmaq, səhərlər çox erkən oyanmaq, oyandıqdan sonra yorğunluq hissidir. Yuxusuzluğun yaranma səbəbi isə depressiya, xroniki stress, emosional narahatlıq, gərginlik, hormonal pozğunluq,  burun çəpərinin əyriliyidir. Əgər yuxusuzluq insanı uzun müddət narahat edirsə, bu, ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Nevrotik pozuntular yaranır, yaddaş itkisi, altsheymer, neyrodegenerativ xəstəliklər, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, immun sisteminin disfunksiyası, hormonal disbalans riski artır”.

  Yuxunun orqanizmin bərpası üçün zəruri olan təbii bioloji proses olduğunu vurğulayan G.İsmayılova deyib ki, sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir: “Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə, yüksəlməyə başlayır”.