Koronavirus qrip kimi həyatımızda daimi qalacaq


Payız-qış mövsümündə hətta yoluxma sayında müəyyən artımlar qeydə alınacaq

  Hazırda yeni növ koronavirus infeksiyası ilə əlaqədar epidemioloji durum qənaətbəxş hesab edilir. Uzun müddətdir ki, yeni yoluxma hallarının sayı minimal - ikirəqəmli həddədir.
  Bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, yoluxan insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəxanalara yatış sayı çox kiçik həddədir: "Hətta bir neçə vaxt davam edən bayram günlərində insanlar arasında təmasların sayının artmasına baxmayaraq, yoluxma hallarında artım müşahidə edilmədi. Bu, onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır. Səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən xəstəliyi keçirmə, digər tərəfdən isə əsasən kütləvi vaksinasiya hesabına əldə edilib. Təsadüfi deyil ki, Nazirlər Kabineti son vaxtlarda karantin rejiminin yumşaldılması istiqamətində qərarlar qəbul edir və son günlərdə də bu istiqamətdə addımlar atılmaqdadır".
  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus isə əmindir ki, 2023-cü ildə COVID-19 pandemiyası başa çatacaq və bu xəstəliklə bağlı beynəlxalq fövqəladə vəziyyət rejimi ləğv olunacaq: “Hazırda biz, sözsüz ki, pandemiya zamanlarında olduğundan daha yaxşı vəziyyətdəyik”. Həftəlik qeydə alınan ölüm hallarının sayı ÜST 3 il bundan əvvəl “SARS-CoV-2” virusunun yayılmasına münasibətdə birinci dəfə “pandemiya” kəlməsini işlətdiyi vaxtla müqayisədə ilk dəfə olaraq aşağıdır. “Yaxşılaşma əhəmiyyətli şəkildədir”.

  İnfeksionist-hepatoloq Mərdan Əliyev də “Şərq”ə açıqlamasında deyib ki, Novruz bayramı tətili  ölkədə COVİD-19 infeksiyasına yoluxma hallarının statistikasına ciddi təsir etməsə də, ölüm sayında artım müşahidə edilib: “Bildiyiniz kimi, martın 25-də analiz nümunələri müsbət çıxanlar arasında 7 nəfər koronavirusdan ölüb. Hesab edirəm ki, ölüm göstəricisinin bayram ərəfəsində artmasının əsas səbəbi də həkimə gec müraciət olunmasıdır. Bayram günlərində adətən insanlar xəstəxanaya getməyə meyilli olmur. Gözləyirlər ki, bayram bitsin, sonra müraciət etsinlər. Belə olan halda da ağırlaşma müşahidə edilir”. 
  Həkimin sözlərinə görə, koronavirusa yoluxma sayında üç -dördrəqəmli statistika olanda bayram tətili, kütləvi tədbirlər yoluxma sayına ciddi təsir edir: “Yoluxma sayı kifayət qədər az olduğu üçün konsertlərdə, tədbirlərdə yan- yana gələn insanların bir-birini yoluxdurması ehtimalı da azdır. Amma bununla belə yoluxma sayının rəsmi statistikadan çox olduğunu düşünürəm. 
  Xəstələr virusu yüngül keçirdiklərindən əksəriyyət həkimə müraciət etmir və ev şəraitində müalicə olunur. Analiz verməyə də ehtiyac duymurlar”.
  Koronavirusa yoluxmanın nə zaman sıfırlanacağına gəldikdə isə infeksionist deyib ki, virusun birdən-birə tamamilə yoxa çıxması mümkün deyil: “Az-az da olsa yoluxmalar davam edəcək. Hətta növbəti payız-qış mövsümündə koronavirusa yoluxma sayında müəyyən artımlar qeydə alınacaq. COVİD-19 da qrip kimi bizim həyatımızda daimi olaraq var olacaq və mövsümündən asılı olaraq endemik hal alacaq. Çin, Tayvan kimi ölkələrdə pandemiya narahatlığı hələ də aktual olsa da, Azərbaycan da daxil digər ölkələrdə koronavirus pandemiyası bitib”.