Möhtəşəm xəbər: Təzə dişlər çıxacaq


Yaponiya dişlər üçün yeni dərman hazırlayır

Yapon alimlər tökülən dişlərin yerinə yeni dişlərin çıxmasını təmin edəcək dərman preparatı üzərində çalışır. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, yapon mütəxəssislərdən ibarət heyət yeni dərmanı təcrübədən keçirməyə hazırlaşır. 

Bu dərmanın xüsusilə genetik pozuntuları olan insanlarda diş problemlərini aradan qaldıra biləcəyi təxmin edilir. Hazırlanan dərman haqqında bilgi verən Osaka şəhəri Tibbi Araşdırma İnstitutu Kitano Xəstəxanasının baş mütəxəssisi, stomatoloji və ağız cərrahiyyəsi bölümünün başqanı Katsu Takahashi deyib ki, dərman sayəsində insanların dişləri yenidən çıxa biləcək. K.Takahashi və tədqiqatçılar heyəti “USAG-1”i blok edən neytrallaşdırıcı antikor dərman preparatını hazrıladıqda onu siçanlar üzərində təcrübədən keçirib. Dərman sayəsində siçanlarda yeni dişlər çıxıb. Bu, dünyada bir ilkdir. Mütəxəssislər hesab edir ki, dərmanın heyvanlar üzərində təsiri, onun insanlarda da eyni effekti verəcəyi anlamına gəlmir. Lakin alimlər bu məsələdə pozitiv düşünür və dərmanın insanlara da eyni dərəcədə fayda verəcəyinə inanırlar. Tədqiqatçılar dərman preparatının kliniki istifadəsinə başlamağa hazırlaşırlar. Əvvəlcə isə dərman preparatı müəyyən analizlərdən keçiriləcək və onun insanlarda yan təsirlərə səbəb olub-olmayacağı öyrəniləcək. Nəticələr mesbət olarsa, dərman preparatı milyonlarla insana fayda verə biləcək. Tədqiqatçılar çalışmalarını 2025-ci ilədək bitirməyi, 2028-ci ilədək də proqramı başa çatdırmağı düşünürlər. Hər şey plan üzrə gedərsə, heyət daha böyük ölçüdə kliniki təcrübələrə imza atacaq.