Tələbələr arasında “qəfil ölümlər” təsadüfi deyil Həkim-terapevt

Hər bir ölüm faktının öz səbəbləri, buna aparan xəstəlik, orqanizmdə hansısa orqan çatışmazlığı var

“Düzgün qidalanmanın olmaması, yuxu rejiminin pozulması, gərgin dərs çalışmaları, uşaqların, 
yeniyetmələrin tədris proqramı ilə həddindən artıq yüklənməsi, smartfonlarla fasiləsiz əlaqə... 
beyini, bütövlükdə orqanizmi yorur”


  Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ölüm statistikası açıqlanıb. Bu 
barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib. Qeyd edilib ki, ötən il 72 
tələbə vəfat edib.
 Onlardan 56-sı bakalavriat, 5-i magistratura, 5-i tam orta ixtisas, 6-sı isə orta 
ixtisas bazası üzrə təhsil alan tələbələr olub. Vəfat halları təkcə ali və orta ixtisas təhsil 
müəssisələri tələbələri arasında deyil, təəssüf ki, bəzən həm də orta məktəb şagirdləri arasında da 
müşahidə edilir. Mütəxəssislər bu cür ölümlərin əslində, qəfil sayılmadığını, ölümə səbəb olacaq 
amillərin gizli qalması ilə izah edir, uşaq, yeniyetmə və gənclərin vaxtaşırı tibbi müayinədən 
keçməsini məsləhət görürlər. 

  Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qəfil hesab etdiyimiz ölümlərin 
səbəblərini göstərdi: 


- Uşaq və yeniyetmələr, gənclər arasında baş vermiş ölümləri qəfil adlandırmaq düzgün deyil. 
Ölüm qəfil baş vermir. Ölüm hadisəsinin baş verməsinə bir çox amillər səbəb olur. Səhvən bizə 
elə gəlir ki, hansısa ölüm qəfildir.  Əgər vəfat edən uşaqdırsa, yeniyetmə və ya gəncdirsə, əlbəttə, 
onun vəfatına kədərlənirik, üzülürük. Bəziləri belə düşünür ki, ölümə heç bir səbəb yox imiş, bu 
adam durduğu yerdəcə, qəfil ölüb. Xeyr, belə deyil. Hər bir ölüm faktının öz səbəbləri, buna 
aparan xəstəlik, orqanizmdə hansısa orqan çatışmazlığı var. “Qəfil”  hesab etdiyimiz ölümlərin 
ən birinci səbəbi ürək çatışmazlığı, infarktlar və beyinə qan sızmaları, ani beyin qan dövranının 
pozulması - insultlardır. Gənclərdə isə bu xəstəliklərə çox rast gəlinmir. Təsadüfi hallarda 
ailəsində irsi xəstəlik, ani ürək ölümləri olan gənclərdə bu kimi hallarla rastlaşmaq olur. Qəfləti 
ürək dayanmaları daha çox kardioloji problemlərdən baş verir. 


Ürək tutmaları əsasən  40-60 yaş dövrü insanlar arasında geniş yayılıb. İnsanda hansısa xroniki xəstəlik ola bilər. Məsələn, böyrək çatışmazlığı kimi. Amma bəzən valideynlər buna ciddi yanaşmır. Uşaq vaxtı keçirilmiş və 
sağalmış hesab edilən xəstəliklə bağlı vaxtaşırı müayinələrdən keçməyi, həkimə müraciət etməyi 
unudurlar. Hesab edirlər ki, uşaq vaxtı sağalıb, xəstəlik bitib. Lakin uşaqda müəyyən fəsadlar 
qala bilir. Həyat tərzinin dəyişməsi, mənfi vərdişlər xəstəlikləri yenidən oyada bilir. Böyrək 
çatışmazlığı adi bir xəstəlik kimi görünsə də, bəzi hallarda gözlənilmədən ölümlərə də səbəb ola 
bilir. Böyrək çatışmazlığı  böyrəklərin işinin ləngiməsi və ya dayanmasına bağlı olaraq qanda 
olan su, duz və digər mineralların  tarazlığının pozulmasıdır. Böyrəklər işləməyəndə elektrolitlər 
və tullantı mayelər orqanizmdə toplanmağa başlayır və bu tullantıların səviyyəsi yüksəldikcə 
ölümcül nəticələr ortaya qoya bilən ağırlaşmalara səbəb olur. Böyrək çatışmazlığından əziyyət 
çəkən insanda ağırlaşma olanda  uremik koma vəziyyətinə düşərək dünyasını dəyişir. Əvvəldən 
xəstəliyi o qədər ağır olmasa belə hansısa yanaşı xəstəliklər fonunda ağırlaşaraq ölüm riski 
yaratması mümkündür. Böyrək çatışmazlığından əziyyət çəkən insanlarda arterial hipertenziya 
qeyd olunur. Ritmin pozulması hiperkaliemiya ilə əlaqədar ola bilir. Bu isə çox təhlükəli haldır 
və qəfləti ölümə səbəb ola bilir.  

  Ş.Məmmədov qeyd etdi ki, yeniyetmə və gənclər arasında “qəfil ölüm”lərin artmasının bir 
səbəbi isə fiziki aktivliyin əvvəlki dövrlə müqayisədə azalmasıdır: 

- Tənbəllik, zərərli vərdişlər – siqaret, spirtli içki, təəssüf ki, həm də narkomaniya artıb. Ölüm 
yaşının azalmasına birinci səbəb, insanların gündəlik olaraq idmanla məşğul olmaması, məşğul 
olanların da zərərli dərmanları qəbul etməsi, yağlı qidalara, enerji içkilərinə, kimyəvi qatqılı 
qidalara yüksək meyillilik göstərilməsidir. Xüsusilə, gecə vaxtı yağlı qidaların qəbulu qanda 
xolesterin səviyyəsinin yüksək olmasına, maddələr mübadiləsinin pozulmasına və tədricən 
damarlarda atiromaların olması və daralmasına gətirib çıxarır. Düzgün qidalanmanın olmaması, 
yuxu rejiminin pozulması, gərgin dərs çalışmaları, uşaqların, yeniyetmələrin tədris proqramı ilə 
həddindən artıq yüklənməsi, smartfonlarla fasiləsiz əlaqə... beyini, bütövlükdə orqanizmi yorur. 
Orqanizm özünü tarazlaya bilmir, tarazlığını itirir, nəticədə ölüm hallarına gətirib çıxaran 
vəziyyət yaranır.