Bölgələrdən paytaxta pasiyent axını davam edir - Pediatr

  • Adi şəkər xəstəsini, böyrək çatışmazlığı olanı analiz vermək üçün bəzən Bakıya göndərirlər
  • Peşəkar həkimlərimiz var, amma onları bölgələrdə işləməyə həvəsləndirmək lazımdır, həvəsəndirici, stimul verən tədbirlər həyata keçirilməlidir

Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, böyük şəhərlərdə bu problemə daha az rast gəlinir:

“Ancaq bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi xidmət göstərəcək müəssisələrin vəziyyəti ürəkaçan deyil. Bu məsələni dəfələrlə qaldırmışıq. Bərdədə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu. İlk vaxtlar bu layihə yaxşı işləyirdi. Ancaq təəssüf ki, həmin sahədə gözlənilən qədər irəliləyiş əldə olunmayıb. TƏBİB-in İcraçı direktoru Anar Bayramovla görüşümüz oldu və bu məsələni qaldırdım. İlkin olaraq, regionlarda modul tipli tibb məntəqələrinin yaradılması prosesinin sürətləndirilməsinin vacibliyini vurğuladım və Anar Bayramov da bununla razılaşdı. Bu istiqamətdə TƏBİB ciddi işlər görəcək. Çünki biz ilkin tibbi yardımın səviyyəsini yüksəltməsək, əhaliyə keyfiyyətli tibbi xidmət göstərməkdən danışa bilmərik. Rayon mərkəzindən uzaqda yerləşən kəndlər var və bəzən vaxtında müdaxilə etməklə kömək göstərilməsi mümkün olan xəstələri itiririk”. Deputat Soltan Məmmədov da qeyd edib ki, ilkin səhiyyə xidmətinin gücləndirilməsi bu gün də aktual olaraq qalır. 

İlkin tibbi xidmətin səhiyyənin ən vacb sahələrindən biri olduğunu deyən pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, bu sahənin inkişafı maddi-texniki bazanın gücləndirilməsi və peşəkar, ixtisaslı həkimlərin bölgələrə yönləndirilməsindən asılıdır. Bu isə mövcud vəziyyətdə çox çətin görünür: 

- Bölgələrdəki səhiyyə müəssisələrində həm müasir tibbi avadanlıq problem var, həm də kadr çatışmazlığı. Həkimlər də çatışmır, avadanlıq da. Bunun səbəblərini hökumət bilir. Bölgələrdə tibbi sahədə normal şərait yaradılmalıdır ki hər məsələyə görə insanlar paytaxta üz tutmalı olmasınlar. Bölgələrdən paytaxta pasiyent axını davam edir. Adi şəkər xəstəsini, böyrək çatışmazlığı olanı analiz vermək üçün bəzən Bakıya göndərirlər. Çünki laborator şərait qənaətbəxş deyil. Bəzi analizlər var ki heç paytaxın özündə də polklinikalar lazımi maddələrin, avadanlığın onlarda olmadığını bildirir və vətəndaşı özəl klinikalara göndərirlər analiz verilməsi üçün. Lazımi avadanlıqlar oxdur deyə, həkim diaqnoz qoya bilmir, pasiyenti Bakıya göndərir. Kadr çatışmazlığı nədən yaranır? Həkim də insandır, ailəsi, övladları, özəl həyatı var onun da. Bölgələrdə ailənin qalması, yaşaması, təhsil, istirahət imkanları sıfırdırsa, həkim əlbəttə bölgə xəstəxanasında işləmək istəməyəcək. Maddi-texniki baza ilə yanaşı sosial şərait də normal olmalıdır ki həkim ürəklə çalışsın, ailəsi ilə birlikdə olsun. Gənc həkim, gənc kadrlar bölgələrə getmək istəmir. Harada yaşayacaq, hansı şərait onu gözləyir, bilinmir. Həkim işləməlidir, amma onun da normal həyatı olmalıdır. Peşəkar həkimlərimiz var, amma onları bölgələrdə işləməyə həvəsləndirmək lazımdır, həvəsəndirici, stimul verən tədbirlər həyata keçirilməlidir. Məsələn, Gürcüstanda bu məsələ həllini tapıb. Bölgələrdə işləyən həkimlərə əmək haqqından əlavə maddi müavinətlər verilir, güzəştlər tətbir olunur. Karyera üstünlükləri olur, mənzillə təmin edilirlər. Rusiyada da vəziyyət bu sahədə yaxşıdır. Xüsusi dövlət proqramı çərçivəsində kəndlərdə,  ucqar bölgələrdə işləməyə razı olan həkimlərə birdəfəlik 1 milyon rubla qədər vəsait ödənilir. Eyni zamanda mənzil, sığorta və istirahət imkanları da dövlət tərəfindən təmin edilir. Bizim ölkədə də bu sahədə dəyişikliklər edilsə, imtiyazlar tətbiq olunsa, bölgələrdəki tibb müəssisələrinin maddi-txniki bazası gücləndirilsə, səhiyyə orada da inkişaf edər. Pasiyentlər analiz vermək, MRT olunmaq üçün paytaxta üz tutmazlar.