Sevinc Fətəliyeva: "Ermənistanın özündə belə strateji sənəddə verilən vədlərin, reallıqdan uzaq olduğunu anlayırlar"
"Bu gün Ermənistan dərin sosial-iqtisadi böhrandan xilas olmaq iqtidarında deyil. Bu da əhalidə hakimiyyətə qarşı inamsızlığı və etirazları gücləndirir". Bu sözləri Sherg.az-a millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, Ermənistandakı xaotik vəziyyəti dəyərləndirərkən deyib. Xanım deputat qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-real “layihələrlə” xalqı aldatmaq istəyir:
"Paşinyanın elan etdiyi Ermənistan 2050 – strateji inkişaf sənədi bu ölkədə müzakirə olunsa da, ciddi qəbul edilmir. Çünki Ermənistanın özündə belə strateji sənəddə verilən vədlərin, reallıqdan uzaq olduğunu anlayırlar".
Millət vəkili deyib ki, həmin sənəddə əsas məsələ guya Ermənistanda yoxsulluğun və işsizliyin aradan qaldırılması hesab olunur:
"Amma Paşinyan hakimiyyəti bu problemlərdən xilas olmaq imkanında deyil. Məsələ burasındadır ki, beynəlxalq iqtisadi və maliyyə təşkilatları da işğalçı ölkə ilə bağlı bədbin proqnozlar verir. Təsadüfi deyil ki, Asiya İnkişaf Bankının Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcminin artacağı proqnozlaşdırılır. Ümumi dövlət borcunun artması, Ermənistanın maliyyə resurslarına ehtiyacı olması 2050 - strateji inkişaf sənədinin qeyri-real hesablamalara əsasən tərtib edildiyini göstərir. Dünya Bankının hesabatına əsasən, Ermənistana xaricdən göndərilən maliyyə vəsaitləri də azalma ilə müşayiət olunur".
S.Fətəliyeva vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur:
"Azərbaycanın işğalçı Ermənistanı beynəlxalq və regional layihələrdən təcridetmə siyasəti əvvəlki iqtidarları olduğu kimi Paşinyan hakimiyyətini də sərt reallıqlar qarşısında qoyur. Hazırda Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir".