Rusiyanın Türkiyəni qısqanması təbiidir

Qaz bazarında yeni oyunçuların peyda olması Moskvanın strateji maraqlarına uyğun deyil

Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbər müavini Aleksey Qrivaçin Türkiyənin Qara dənizdə 320 milyard kubmetr ehtiyata malik təbii qaz yatağı kəşfinə münasibət bildirib. Qrivaçin deyib ki, məlum yatağın kəşfi bölgədəki qaz bazarında Rusiya Federasiyası üçün hələ ki, təhlükə yaratmır.

Onun fikrincə, əvvəllər bir çox dövlətlər Qara dənizdə geoloji kəşfiyyat işlərinə böyük ümidlər bəsləyirdi, lakin bu günə qədər həmin ölkələrin ümidləri boşa çıxıb: “Eyni zamanda həqiqi həcm istehsalı baxımından bölgədəki vəziyyət acınacaqlı olaraq qalır. Gəlin elə Rumıniya məsələsinə baxaq. Düz 8 il əvvəl Rumıniya da Qara dəniz şelfində qaz ehtiyatlarının ən böyük kəşfini etdiyini bütün dünyaya elan etdi. Lakin “Ekson” və OMV kimi dünya səviyyəli şirkətlərin layihədə iştirakına baxmayaraq, həmin qaz yatağını istifadəyə verə bilmədi”.

Rusiya tərəfinin açıqlamasını “Şərq”ə təhlil edən AĞ Partiya sədri Tural Abbaslı vurğulayıb ki, dünyada ən çox qaz ixrac edən Rusiyanın Türkiyənin kəşf etdiyi yataqlara bu cür yanaşımı təbiidir. Partiya rəhbərinin qənaətincə, qaz bazarında yeni oyunçuların peyda olması Moskvanın strateji maraqlarına uyğun deyil:

“Nəzərə alsaq ki, Rusiya qaz faktorundan yalnız iqtisadi amil kimi deyil, həm də siyasi rıçaq kimi istifadə edir, o zaman məsələnin onlar üçün nə qədər həssas olduğunu anlamaq olar. Ancaq Türkiyənin Qara dənizdə kəşf etdiyi qaz yatağı ilə bağlı Qrivaçinin dediklərində bəzi həqiqətlər var. Elan olunan yataqdakı ehtiyat Türkiyənin qaza olan ehtiyaclarını ödəyəcək həcmdə deyil. Yəni sadəcə bu yataq Türkiyəni kənardan qaz asılılığından azad etməyəcək. Ən yaxşı halda Türkiyəni növbəti yataqların kəşfinə qədərki müddət ərzində qazla təmin edə bilər. Ümid edirəm, qardaş Türkiyənin Aralıq dənizindəki kəşfiyyat işləri müsbət nəticələnəcək və daha böyük qaz ehtiyatlarına malik olan yataqlar üzə çıxacaq. Bununla da Türkiyə enerji asılılığından tamamilə azad olacaq”.