Ermənilər şanslarını çoxdan itiriblər

Artıq heç bir prinsip, mərhələli həll planı yoxdur


Ermənistan tərəfdən ard-arda sərsəm açıqlamalar səslənir. Başda yeni Xarici işlər naziri Ara Ayvazyan olmaqla digər publik simalar Dağlıq Qarabağda “status” məsələsinin gündəmə gətirilməsini israrla tələb edirlər. İddia edirlər ki, Azərbaycan tərəfi Madrid prinsiplərinə əməl edərək Dağlıq Qarabağa “status” verməyə məcbur qalacaq. Yerevan hökumətinin absurd iddiaları ilə bağlı “Şərq”ə danışan politoloq Rusif Məmmədsoy bildirib ki, artıq heç bir prinsip, mərhələli həll planı yoxdur.

Ekspertin sözlərinə görə, ermənilər bu şansı çoxdan itiriblər:

“Əgər öz xoşları ilə torpaqlarımızdan çıxsaydılar, o zaman bəzi məsələlər müzakirə predmeti ola bilərdi. Lakin biz torpaqlarımızı şəhidlərimizin qanı, canı bahasına əldə etmişik. Ona görə də hər hansı statusdan söhbət belə gedə bilməz. Ölkə başçısı da dəfələrlə vurğulayıb ki, “status yoxdur və olmayacaq”. İmzalanan üçtərəfli anlaşmada buna xüsusi diqqət yetirilib.

Əgər erməni tərəfi hər hansı təxribata, anlaşmanı pozmağa cəhd edərsə, məsuliyyət birbaşa Rusiya tərəfinin üzərinə düşür. Ara Ayvazyanın digər açıqlaması daha çox diqqət çəkir. O deyir ki, “Azərbaycan tərəfi elə zənn edir ki, münaqişə bitib. Amma bu münaqişə hələ bitməyib.

Bu o zaman bitəcək ki, 150 min erməniyə Dağlıq Qarabağda status veriləcək”. Məncə, Paşinyan hökuməti bununla Rusiyaya ultimatum göndərir ki, Ermənistanda vəziyyət çox gərgindir, ölkə xaosa sürüklənir. Vətəndaş müharibəsi an məsələsidir. Qarabağdan gələn ermənilər İrəvanda özlərinə aid olmayan evlərə girir, yaşayır və çıxmaq istəmirlər.

Bu da böyük narazılıqlara səbəb olur. Bu mənada erməni hökuməti nə siyasi iradə, nə də iqtisadi potensialına görə problemin altından qalxa bilməyəcək. Dağlıq Qarabağ öz varlığını erməni lobbisinin, xaricdə yaşayan varlı ermənilərin sayəsində davam etdirirdi.

Bu mənada hazırkı hökumət Putinə buna bir əncam çəkməsinin zəruri olduğu mesajını verir. İstənilən halda bunlar çox təhlükəli və narahatedici açıqlamalardır”.