Azərbaycanla İranın “qırılma nöqtəsi": “Sərhəddə baş verənlərdə maraqlıdır, çünki...”

“Cənub qonşumuz sərhədlərin müəyyənləşməsini istəmir”

“Məncə, İran sərhəddə baş verənlərdə birbaşa iştirakçı olmasa da, maraqlıdır”



İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrəvana səfəri zamanı yenə riyakarlıq nümunəsi göstərib. O, deyib ki, Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir. Məntiqli və tutarlı sual meydana çıxır: otuz il- Azərbaycanın torpaqları işğal altında olanda İran hara baxırdı?!  Bu sual İran rəsmiləri üçün şillə efekti kimi də qiymətləndirilə bilər. Hər halda rəsmi Tehran sözügedən açıqlama ilə özünü ifşa etdi.

Siyasi analitik Asif Nərimanlı Zərifin bəyanatının məzmununu “Sherg.az”a şərh etdi: 

“İran müharibə dövründə açıq və gizli şəkildə daim Ermənistana dəstək verib. Ermənistandan ABŞ-ın sanksiyalarına qarşı istifadə edib. Qarabağ probleminin həllindən sonra isə cənub qonşumuz bu imkanlardan məhrum oldu. Kommunikasiya xəttlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması İranın Cənubi Qafqaza girişini məhdudlaşdırdı. Eyni zamanda indiyədək Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməməsi üçün İran Qarabağ problemindən bufer kimi istifadə edirdi. Daha belə imkanı yoxdur.

Zərifin Azərbaycana və Ermənistana səfərdə məqsədi sərhədlərin müəyyənləşməsi prosesində iştirakçı olmaq və regiondakı rolunu göstərmək idi. Bildiyiniz kimi, o, Bakıda azərbaycanlı həmkarı Ceynun Bayramovla görüşmədi.

Çünki Bayramov həmin vaxt başqa səfərdə idi. Fəqət, münasibətlər lazımi səviyyədə olsa idi, əlbəttə, proqramda dəyişiklik olardı. Maraqlısı bundan ibarətdir ki, Zərif İrəvana geniştərkibli nümayəndə heyəti ilə getdi. Hər halda İran düşmənimizi dəstəklədiyini açıq şəkildə göstərir. İsrail şirkətlərinin azad olunmuş torpaqlarımızdakı yenidənqurma işlərində iştirak etməsi cənub qonşumuzu narahat edən əsas məsələlərdəndir. Fikrimcə, Azərbaycan- İran münasibətlərində “qırılma nöqtəsi” başlayır. Və bundan sonra rəsmi Bakının mövqeyi İranın davranışlarına adekvat olmalıdır”.

A.Nərimanlı, həmçinin rəsmi Tehranın sərhəddəki proseslərə təsirindən söz açdı:

“Şübhələr üçün ciddi əsas var. Xüsusilə Zərifin səfəri ərəfəsində müəyyən insidentlərin yaşanması təsadüfi ola bilməz. Hər halda toqquşmalar İranın maraqlarına uyğundur. Çünki cənub qonşumuz sərhədlərin müəyyənləşməsini istəmir. Məncə, İran sərhəddə baş verənlərdə birbaşa iştirakçı olmasa da, maraqlıdır”.