Seçkilərdən sonra da Ermənistanda vəziyyət gərgin olaraq qalacaq
Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində gərginlik artmaqdadır. Ölkə Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın tərəfdarları ilə keçmiş prezident Robert Koçaryanın tərəfdarları arasında iki qütbə bölünüb. Eks-prezident Levon Ter-Petrosyanın, sabiq prezident Serj Sarkisyanın müdafiə etdiyi Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın da tərəfdarları az deyil. Avropa yönümlü sayılan və sədri Edmon Marukyan olan “İşıqlı Ermənistan” Partiyasının da tərəfdarları var. Əsas müxalifət sayılan Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası da özünü ciddi müxalifət sayır. Daşnaklar, kommunistlər və başqaları da parlament seçkiləri uğrunda yarışa qoşulublar.
Bütövlükdə iyunun 20-də keçiriləcək siyasi kampaniyada 26 siyasi partiya və blok qeydiyyatdan keçib. Amma baxışlarına və hədəflərinə görə bunları Paşinyan və Koçaryan qruplarına bölmək olar. Ter-Petrosyan və Edmon Marukyan indiki baş naziri tənqid etsələr də, daha çox Nikolun siyasi xəttini müdafiə edirlər.
Seçki öncəsi cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, Ermənistanın siyasi səhnəsində özlərini Qərbyönlü sayanlarla Rusiyayönlülərin mübarizəsi gedir. Onun sözlərinə görə, paşinyançılar Qərbyönlü sayılsa da, onlar Kremllə əlaqələrə daha çox üstünlük verirlər. Koçaryançılar isə birmənalı olaraq Rusiyayönlüdür. Onları revanşist də saymaq olar:
“Əslində, Azərbaycana münasibətdə keçmiş üç prezidentin və indiki baş nazirin bir-birindən heç bir fərqi yoxdur. İndi Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasından danışan Ter-Petrosyanın prezidentliyi dövründə Xocalı soyqırımı törədilib, Azərbaycan torpaqları işğal olunub. Koçaryan və Sarkisyan isə Qarabağda törədilən bütün faciələrin təşkilatçıları və baş icraediciləridir. Nikol Paşinyan bu üçlüyün işğal etdiyi torpaqları Ermənistanın əlində saxlamağa cəhd etsə də, gözləmədiyi şəkildə zərbə aldı. Bununla da Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyandan qalma ordu barədə yayılan mif və qoşun darmadağın oldu. Rusiyasız Ermənistanın mövcud ola bilməyəcəyi bir daha təsdiqləndi. Seçkilərin keçirilməsinə üç həftəyə yaxın müddət qalıb. Ermənistanda siyasi, hərbi, sosial sahələrdə gərginlik yüksələn xətt üzrə davam edir. Ermənistanda sosial vəziyyət hazırda ağırdır və onun seçkilərdən sonra düzəlməyəcəyi ehtimalı az deyil”.
Analitik vurğulayıb ki, Nikol Paşinyan hökumət başına gələndən sonra kabinetin çox ciddi fiqurları və onunla birlikdə hakimiyyət dəyişikliyində iştirak edənlər istefa verdi:
“Əvvəlcə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan, qurumun başqa bir sabiq direktoru Mikael Ambarsumyan, polis rəisi Valeri Osipyan, Silahlı Qüvvələrin baş qərargah rəisi Onik Qasparyan və Xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyanın istefası hökumət daxilində ciddi narazılığın olduğunun göstəricisi sayıla bilər. Onun keçmiş müavini Qaqik Qalaçyan, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan da tutduqları vəzifədən istefa veriblər. Yerli KİV-in yazdığına görə, istefalar bununla məhdudlaşmayıb. Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginliyi azaltmaq üçün planını açıqlayandan sonra Xarici işlər və Müdafiə nazirliklərində, hətta Milli Təhlükəsizlik Xidmətində kütləvi istefalar olub. Məlumata görə, Ermənistan xarici işlər nazirinin 4 müavini, habelə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan istefa ərizəsi yazıblar”.
S.Soltanın sözlərinə görə, Ermənistan ordusunda da vəziyyət acınacaqlıdır:
“Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Artak Davtyanla müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanın münasibətləri gərgindir. “Joxovurd”un yazdığına görə, ordunun rəhbərliyində fikir ayrılığı var. Qeyri-rəsmi mənbələr bildiriblər ki, Baş Qərargah rəisi A.Davtyan verdiyi əmr və tapşırıqları müdafiə naziri V.Arutyunyanla müzakirə etmir, onunla məsləhətləşmir. Arutyunyan az qala hər gün Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə ya görüşür, ya da telefonla danışır. Bütün bu və başqa faktlar Ermənistan ordusunda vəziyyətin sabit olmadığını göstərir. Nəticə etibarilə belə bir hökumətin ordusu Azərbaycanla dövlət sərhədində təxribat törətməyə çalışır, gərginlik yaradırlar. Ölkədəki vəziyyəti Ermənistan-Azərbaycan münasibətləri fonunda tənzimləməyə çalışırlar. Bu isə Ermənistan cəmiyyətində böhranı daha da dərinləşdirir”.