Lavrov ehtiyatlı danışdı, amma...

Qarabağdakı proseslərə kənar cəhdlər artıb

"Əsas beynəlxalq oyunçular arasında dərin ziddiyyətlər mövcuddur"


“Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”. Bu sözləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında bildirib. Lavrovun fikrincə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur:

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”. Rusiya XİN rəhbərinin cəhənnəmə göndərdiyimiz “status” məsələsini fasilələrlə gündəmə gətirməsi müəyyən məqsədlərə xidmət edir. Düzdür, Lavrov vurğulayır ki, indi əsas məsələ əməkdaşlıq, etimadın formalaşması və sabitlikdir. Amma bu fikirlərini “status” məsələsi fonunda ortaya atması Kremlin əsl niyyətini aşkar edir. Görünür, Moskva hazırda prioritet hesab etdiyi regional əməkdaşlıq məsələsi həllini tapandan sonra “status” mövzusu ətrafında müzakirələrə başlayacaq. 

Bu barədə “Şərq”ə danışan siyasi icmalçı Azər Niftiyev bildirib ki, Sergey Lavrovun ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerin Bakıda olduğu bir zamanda belə bir açıqlama ilə çıxış etməsi təsadüfi deyil. Analitikin qənaətincə, bu gün dünyada dərin qütbləşmə gedir:

“Faktiki olaraq biz birqütblü dünyadan ikiqütblü və ya çoxqütblü dünyaya keçid edirik. Əsas beynəlxalq oyunçular arasında dərin ziddiyyətlər mövcuddur. Bütün bunların fonunda qaynar münaqişələrə, o cümlədən Qarabağ ətrafında gedən proseslərə kənar cəhdlər artıb. Hesab edirəm ki, ABŞ rəsmisinin Bakı səfəri çərçivəsində minaların xəritələrinin verilməsi ilə bağlı vacib açıqlamasının ardınca Lavrovun məlum çıxışı da təsadüfi deyil. Azərbaycan “status” məsələsini qəbul etmir və qəti şəkildə bunu rədd edir. Bu mənada Lavrovun açıqlaması ziyanlıdır. Lakin son dövrlər baş verən hadisələr Azərbaycanın atdığı addımların doğru olduğunu göstərir. Artıq dünya ölkəmizin yaratdığı yeni reallığı qəbul edir və hadisələrə məhz bu rakursdan qiymət verir”.

Ekspert əlavə edib ki, Rusiya XİN rəhbərinin Zəngəzur dəhlizinin regional əhəmiyyəti barədə söylədikləri də bunun bariz nümunəsidir:

“ABŞ, Türkiyə və Rusiya təmsilçilərinin bəyanatlarından ortaya çıxan mənzərə budur ki, 44 günlük Qarabağ savaşının dəyişdiyi reallıqları artıq bütün güclər qəbul edir və bölgədə yeni irimiqyaslı savaşın başlanmasını tərəflərdən heç kim arzulamır. Hesab edirəm ki, Cenevrədə baş tutacaq görüşlərdən, Bayden-Ərdoğan və Bayden-Putin görüşlərindən, o cümlədən Ermənistanda keçiriləcək seçkilərdən sonra vəziyyət daha aydınlaşacaq. Şübhəsiz ki, Rusiyanın postsovet məkanı ilə bağlı siyasəti məlumdur və Lavrovun son açıqlamasına da bu rakursdan yanaşmaq lazımdır. Rusiya istəyir ki, prosesi öz nəzarətində saxlasın. Bütün hallarda Ermənistan tərəfi yeni reallığın diktə etdiyi şərtləri qəbul etməlidir. Əks halda bu, onların da ziyanına olacaq. Yenə də bütün iqtisadi layihələrdən kənarda dayanacaqlar. Bu, Ermənistan əhalisinin də maraqlarına cavab vermir”.