Petrosyan "Qarabağ klanı"na zərbə vurmağa çalışır"-ŞƏRH

"Petrosyan artıq anlayır ki, Azərbaycan güclü tərəfdir"
 
"Tək ağıllı odur"
 

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkəsinin İctimai Televiziyasının efirində çıxışı zamanı bir sıra açıqlamalar verib. Sabiq ölkə rəhbəri vurğulayıb ki, işğal olunmuş ərazilərin daimi olaraq saxlanıla biləcəyinə dair illüziyalar absurd idi. Onun sözlərinə görə, indi hər şey daha mürəkkəbdir:

“Əvvəllər qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirdik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”. Petrosyan Robert Koçaryanın Şuşa və Hadrutun geri qaytarılması ilə bağlı verdiyi vədləri təhlükəli hesab etdiyini bildirib: “Bu, problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə ilə mümkündür. Yəni Robert Koçaryan yeni müharibə vəd edir. Azərbaycanı getməyə kim məcbur edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”. 

Levon Ter-Petrosyan işğal dövründə Ermənistana rəhbərlik edən şəxs olsa da, zaman-zaman “Qarabağ klanı”nın rəhbərlərindən fərqli, bir qədər də real açıqlamalarla gündəmə gəlib.
 
Seçki öncəsi sabiq prezidentin etirafını “Şərq”ə analiz edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, Petrosyan yaxşı başa düşür ki, Ermənistanın daxili vəziyyəti ağırdır, xarici vəziyyəti isə daha ağırdır. 



Analitikin sözlərinə görə, əgər Ermənistanda bir az ağıllı siyasətçi axtarsaq, tapacağımız yeganə şəxs Petrosyan olar: 

“Başqaları ilə müqayisədə Petrosyanı dövlət adamı kimi dəyərləndirmək mümkündür. Digər loyal siyasətçilər Rusiya tərəfindən 1997-ci ildə parlament hadisələrində öldürüldü. Düzdür, Qarabağ və ətraf rayonlar Petrosyanın hakimiyyəti dövründə işğal olunub. Amma Petrosyan illər keçdikcə gördü ki, proseslər heç də onların düşündüyü kimi cərəyan etmir. 1993-cü ildən sonrakı proseslər, dövlətin təmərküzləşməsi, mərkəzi hakimiyyətin möhkəmlənməsi, ordunun güclənməsi Petrosyanı anlamağa məcbur etdi ki, Azərbaycan artıq güclü tərəfdir. Eks-prezident 1997-ci ildə istefa verərkən bir məqaləsi yayıldı. Orada vurğulamışdı ki, razılaşmadıqları mərhələli həll variantı onlara baha başa gələcək və bir müddət sonra ermənilərə heç bir güzəşt olmayacaq. Həmin məqalədə yer alan fikirlərdən görünürdü ki, Petrosyan reallıqları dərk etməyə başlamışdı. Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad etməliydi”.
 
Siyasi şərhçinin fikrincə, Ermənistandakı əksər bəyanatlar qarşıdan gələn parlament seçkisinə hesablanıb: 

“Petrosyanın erməni cəmiyyətində kifayət qədər dəstəkçisi var və onun fikirləri ictimai rəydə müəyyən dəyişikliyə səbəb olur. Ona görə Petrosyanın bu cür çıxışı dolayı yolla həm də seçki prosesinə görədir. O, məsələyə yanaşması ilə “Qarabağ klanı”na zərbə vurmağa çalışır. Hakimiyyətə qərbyönlü qüvvələrin gəlməsi üçün fəaliyyət göstərir. Lakin Petrosyanın əvvəlki bəyanatları da Koçaryan-Sarksiyan cütlüyünün illuziyalarından fərqli olub. Koçaryanın açıqlamalarından onun psixoloji problemlərinin olduğu görünür. Çünki iki-üç ay bundan öncə başqa ifadələr səsləndirmişdi. Demişdi ki, “ağlı başında olan adam revanşist arzularla yaşamaz”. Ötən gün isə sərsəmcə iddia edir ki, guya, Şuşa və Hadrutu “geri qaytaracaqlar”. Ya əqli çatışmazlığı var, ya da seçki ilə bağlı populizmlə məşğuldur. Ancaq erməni cəmiyyəti Koçaryana çox inanmır. Sadəcə, rusmeyilli kəsimin “Qarabağ klanı”nın rəhbərlərinə inamı qalıb. Belə siyasətçilərə baxmış Petrosyan kimi adamlar ən azından mövcud durumu düzgün təhlil etməyi bacarırlar. Petrosyan münaqişədən öncə dəfələrlə Azərbaycanla danışıqlara getməyin və 7 rayonun qeyd-şərtsiz qaytarılmasının zəruriliyini vurğulayıb. Ancaq o da bəyan edirdi ki, “Dağlıq Qarabağ” müzakirə predmeti deyildi və s. Artıq tamamilə yeni reallıqlar formalaşıb. Beynəlxalq aləmlə yanaşı Rusiya və Ermənistan daxilində də böyük əksəriyyət Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməyə başlayıblar. İstənilən halda Petrosyan kimi adamların etirafları erməni cəmiyyətində müəyyən kəsimlər üçün də təsirli olur. Xüsusən, Şuşa Bəyannaməsindən sonra revanşist duyğularla yaşamaq minalı əraziyə girmək kimi bir şeydir”.