Ərdoğanın açıqlamaları avantajdır

Kabil aeroportunda da türk əsgərlərinin qalması böyük riskdir

Türkiyə Pakistan vasitəsi ilə, eyni zamanda birbaşa "Taliban"la əlaqə qurmağa çalışacaq


Türkiyə ilə “Taliban” hərəkatı arasında danışıqlar aparılıb. Kabildə baş tutan danışıqlar 3 saatdan çox davam edib. Bu barədə jurnalistlərin suallarını cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda Əfqanıstanda ciddi idarəçilik boşluğu var. Qardaş ölkə rəhbərinin sözlərinə görə, lazım gələrsə, "Taliban"la yenidən danışıqlar aparılacaq: “Taliban"ın bizə Kabil hava limanı ilə bağlı təklifləri var. Bu məsələdə hələlik qəbul edilmiş bir qərar yoxdur”.

Ərdoğan vurğulayıb ki, Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi ən qısa vaxtda başa çatacaq: “Kabildə baş vermiş terror aktlarını pisləyirik. Terror aktına görə məsuliyyət İŞİD-in üzərinə düşür. Türkiyə vətəndaşlarının təxliyəsi davam edir, aidiyyəti qurumlar sıx şəkildə təxliyə çalışmalarını davam etdirir”. Türkiyə lideri əfqan qaçqınlar məsələsinə də toxunub: “Türkiyədəki əfqan qaçqınların sayı 1 milyon deyil, 300 mindir”. 

Ankara hökumətinin Əfqanıstanla bağlı mövqeyini “Şərq”ə təhlil edən AMİP funksioneri Əli Orucov deyib ki, "Taliban"ın bu qədər qısa müddətdə Əfqanıstanda hakimiyyəti ələ keçirəcəyi gözlənilmirdi. Politoloqun sözlərinə görə, ABŞ-ın milyardlarla dollar vəsait qoyduğu, təlim keçdiyi Əfqanıstan ordusu çox qısa müddət ərzində sıradan çıxdı:

“Hökumət qoşunları silahlarını yerə qoyub təslim oldular. Prezident Qəni isə ölkədən qaçdı. Hadisələrin bu cür gedişinə Əfqanıstandakı ABŞ və müttəfiqləri hazır deyildi. Bəzi analitiklərin təhlillərinə görə, Vaşinqton "Taliban"a gələcək strateji planlarını gerçəkləşdirmək üçün bilərəkdən yaşıl işıq yandırıb.

"Taliban"la Amerika arasında aparılan danışıqlarda Kabil hava limanının NATO-nun nəzarətində qalması məsələsi var idi. Bu missiyanı Türkiyənin yerinə yetirməsi ən uyğun variant sayılırdı.

Ona görə ki, Türkiyə NATO-da yeganə müsəlman dövlətdir. Türkiyəyə istər əfqan cəmiyyətində, istərsə də "Taliban"da normal münasibət var.

Üstəlik, "Taliban"a və Əfqanıstana ciddi təsiri olan Pakistanla Türkiyə qardaş və dost münasibətə sahibdir.

İlkin mərhələdə Kabil aeroportuna Türkiyənin nəzarət etməsinə taliblər ciddi etiraz səsləndirmədi. Lakin sonralar vəziyyət dəyişdi. Hərəkat yetkilisi rəsmən bəyan etdi ki, Türkiyə ilə dost olmaq istəyirlər, amma türk silahlı qüvvələrinin Əfqanıstanda qalmasına razı deyillər. Baxmayaraq ki, Prezident Ərdoğan taliblərlə danışıqlara hazır olduğunu dedi və bu təmaslar quruldu. Nəticə isə dəyişmədi”. 

Ə.Orucov vurğulayıb ki, indiki məqamda Türkiyə Prezidenti səviyyəsində bu cür bəyanatın səsləndirilməsi əslində dünya ictimaiyyəti tərəfindən tanınmayan və bir çox dövlətlər tərəfindən terrorçu təşkilat elan edilən "Taliban" üçün bir avantajdır:

“Taliban"la razılaşdırılmadan Kabil aeroportunda türk əsgərlərinin qalması böyük riskdir. Ankara buna getməz. Fikrimcə, Türkiyə Pakistan vasitəsi ilə, eyni zamanda birbaşa "Taliban"la əlaqə qurmağa çalışacaq. Görünür, "Taliban" üzərində ciddi təsiri olan hansısa qüvvələr Türkiyənin bu strateji nöqtəni nəzarətdə saxlamasını istəmirlər.

Ankara hökuməti isə hələ ki, diplomatik vasitələrlə irəliləyişə nail olmağa çalışır. Düşünürəm ki, Ankara Əfqanıstana və taliblərə çox həssas və ehtiyatlı yanaşmalıdır”.