Politoloq: "Suriya da Krım kimi Rusiyaya lazımlı bölgədir"

“Suriya konflikti münaqişə ocaqlarının ən aktivlərindən və maraqların toqquşduğu ən kəskin bölgələrdəndir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Elman Vəliyev deyib.

O qeyd edib ki, burada əsasən Rusiya və Türkiyə maraqları kəsişir: 

"Ötən gün  Suriya Prezidenti Bəşər Əsəd Kremldə Putinlə görüşüb. Putin həmkarının Suriyada vəziyyətin çox hissəsini nəzarətə götürdüyünü dilə gətirib. Zənnimcə, Kreml İdlib məsələsini də müzakirə edib. Rusiya tərəfi Türkiyəni öz məsuliyyətini yerinə yetirmədiyini dedi. Qeyd edim ki, Türkiyə 2020-ci ildə Rusiya ilə anlaşma imzaladı. Həmin anlaşmaya əsasən Türkiyə İdlibdən HTŞ(Heyət Tahrir Əl-Şam) qüvvələrini çıxartmalıydı. Bunu Türkiyənin üzərinə yıxmışdılar. İşin ən çətin hissəsi də elə budur. Rejim qüvvələrinin, Rusiya qüvvələrinin burnu qanamayacaq. Türkiyə qüvvələri isə HTŞ örgütü ilə mübarizə aparmalıdır. Örgütün də söz ilə çıxması müşkül olduğu üçün məcbur silahlı mübarizə olmalıdır. Kreml görüşündən sonra Rusiya hava hücüm qüvvələrilə yenə İdlibi bombalayıb. Suriya da Krım kimi Rusiyaya lazımlı bölgədir. Krımda seperatçılara dəstək verərək, Suriyada da Bəşər Əsəd qüvvələrinə dəstək verərək mübarizəni davam etdirir”. 

Politoloq deyib ki, Türkiyə belə vəziyyətdə  tək başına mübarizə aparmamalıdır: 

“Çünki bu mübarizə məğlubiyyətlə üzləşə bilər. Suriya Milli Ordusu ilə birlikdə çalışan Türkiyə qüvvələri daha çox müttəfiq cəlb etməlidir. Türkiyənin bölgədə olması təkcə Rusiyanı deyil İranı da, Misiri də narahat etməkdədir. Ancaq Amerika bölgədə Rusiyanın varlığından narahatdır. Bu isə Türkiyə ilə Amerikanı bir-birlərinə yaxınlaşdırır. Türkiyə bu amildən mütləq istifadə etməlidir. Digər bir yandan isə rejim qüvvələrinə, terror örgütlərinə qarşı mübarizə aparan qruplar birləşməli və Türkiyə gücləri ilə daha da sıx çalışmalıdır”.

Aynurə Pənahqızı