Putin Türkiyəyə dəvət olundu! – “Uzlaşmayan maraqlar var” 

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı V.Putin ilə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.R.T.Ərdoğan görüşdə səfərinə qarşılıq olaraq V.Putinin də Türkiyəyə səfər etməsini istədiyini və bu təklifə müsbət cavab aldığını vurğulayıb:“Bundan başqa, ilin sonuna qədər Türkiyədə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuranın iclasının keçirilməsini təklif etdim və buna da müsbət cavab verdi”.

Putinin gözlənilən Türkiyə səfərini  “Sherg.az”a şərh edən politoloq Natiq Miri qeyd edib ki, bir görüşdə bütün məsələlərin həll olunması mümkün deyil:

“Hətta razılaşdırılmış məqamlar var ki, bunlar müəyyən qədər zaman alır. Düşünürəm ki, Rusiya prezidentinin Türkiyəyə dəvət olunması razılaşdırılmış məqamların icrası, həyata  keçirilməsi və irəliyə aparılması  üçündür. Bəzən dövlət strukturları arasında müəyyən məsələlər bilərəkdən, qəsdən ləngidilir, yaxud da sabotaj edilir. Çünki dövlət hakimiyyətində müxtəlif şəbəkələrin maraqlarını təmin edən insanlar olur. Eyni zamanda  Rusiyada güclü erməni lobbisi mövcuddur. Hər zaman müxtəlif  strukturlarda  Türkiyəyə qarşı özlərinin mövqelərini ortaya qoymaqla prosesləri sabotaj edirlər. Fikir verdinizsə, danışıqlardan sonra hər iki prezident otaqdan çıxarkən Putin söylədi ki, tez-tez əlaqə saxlayaq, yəni təmasda olaq. Bütün bunlar razılaşdırılmış məsələlərin prezident səviyyəsində nəzarətdə və diqqətdə olması üçündür. Yalnız belə olduğu təqdirdə bu məqamlardan imtina etmək mümkün olmur. Putinin Türkiyəyə dəvət olunması da təxminən bu konteksdədir və düşünürəm ki, bu, müsbət hadisədir”.

Ekspert onu da əlavə edib ki, bir çox məsələlərdə Rusiya və Türkiyənin geosiyasi maraqları uzlaşmasa da, iki ölkənin  prezidenti qarşılıqlı etimad yaradıblar:

“Görüşəndə bütün problemlərə baxmayaraq, ortaq razılaşdırılmış məqamlar üzərindən müəyyən anlaşmalara gedə bilirlər. Bilirsiniz ki, Suriya İdlib məsələsində razılaşmalar olub. İdlibdə “Təhrir əş-Şam” terror qruplaşmasının zərərsizləşdirilməsi ilə yanaşı, Rusiyanın PKK və onun Suriya qolu PYD-nin cənuba doğru Türkiyə sərhədindən 30 kilometr geriyə çəkilməsini təmin  etmək kimi öhdəlikləri var. Bu gün Rusiya ittiham edir ki, Türkiyə verdiyi sözü tutmur, İdlibdə olan “Təhrir əş-Şam” qruplaşmasını zərərsizləşdirmir. Bunun qarşılığında PKK ilə bağlı Rusiya öhdəliklər üzərinə götürüb. Lakin hələ də on minlərlə PKK və Suriya qolunda olan terrorçular  Münbiçdə və o əhatədə qalmaqda davam edirlər. Hətta onlara Rusiya PKK-çıları adı da verilib. Bu konteksdə müəyyən razılaşmalar olub, həyata keçirilməsi üçün zaman və nəzarətə ehtiyac duyulur. Həmçinin Qarabağla bağlı razılaşmaları da qeyd etməliyik. Biz bunu Rusiya prezidentinin Türkiyənin Qarabağda sabitləşdirici güc olduğunu etiraf etməsində də gördük. Bu çox önəmli bir açıqlamadır. Əslində  Putinin Türkiyənin Azərbaycanda həlledici geosiyasi amil olduğunu qəbul etdiyini göstərir. Artıq Azərbaycan-Ermənistan məsələsini bütovlükdə bu iki güc həll edə bilər.  ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin regiona yenidən gəlməsinə, yaxud da İranın Azərbaycanla sərhəddə atılıb-düşməsinə rəğmən Putin Qarabağdakı əsas faktorun Rusiya ilə Türkiyə olduğunu dedi. Kommunikasiyaların açılmasından tutmuş, erməni silahlı birləşmələrinin  Qarabağdan çıxarılmasına, ermənilərin yaşadıqları ərazilərdə Azərbaycanın suveren hüquqlarının tam bərpasına qədər məsələlər müzakirə olunub.  Bütün problemlərin həlli üçün zaman-zaman bu cür görüşlərə ehtiyac var”.

Samirə