"Üçlü görüş"ə hazırlıqlar görülür

Sahib Alıyev: "Prosesin pozulmasına yönəlik cəhdlər də var. ABŞ, Fransa və İran Vətən savaşından sonra regionda yaranmış geosiyasi reallığı həzm etmək istəmirlər"

Noyabrın 1-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında telefon danışığı olub. Diplomatlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının yerinə yetirilməsi prosesinin mövcud vəziyyətini müzakirə ediblər. Danışıq zamanı humanitar məsələlər, mina xəritələrinin verilməsi, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. 

Lavrov-Mirzoyan arasında aparılan müzakirələrlə bağlı fikirlərini bəyan edən millət vəkili Sahib Alıyev "Şərq"ə bildirib ki, tərəflərin telefon danışığının yüksək səviyyədə keçirilməsi planlaşdırılan üçlü görüşə hazırlıqdan xəbər verir. Deputatın sözlərinə görə, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Aram Hakopyanın Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin öz ölkəsinin vətəndaşlarının gediş-gəlişləri  üçün tam problemsiz olduğunu vurğulaması da rəsmi İrəvanın hələlik konstruktivliyə kökləndiyini göstərir:

 “Prosesin pozulmasına yönəlik cəhdlər də var. ABŞ, Fransa və İran Vətən savaşından sonra regionda yaranmış geosiyasi reallığı həzm etmək istəmirlər. Əlbəttə, burada həlledici rolu ABŞ oynayır. Amerikanın Azərbaycanla Ermənistan arasında yeni geosiyasi reallığa uyğun sülh anlaşmasının bağlanmasına yanaşmasının dəyişib-dəyişmədiyini dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin yardımçısı Olsonun regiona səfəri dəqiqləşdirəcək.

 Ola bilər ki, bu səfərdən sonra Ermənistan rəhbərliyi yenidən öz ampluasına dönəcək. Kimin hansı mövqedə olmasına baxmayaraq, Zəngəzur dəhlizinin açılacağı artıq realdır. Xarici təzyiqlərdən dolayı Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının bağlanmasının ləngidilməsinə gəldikdə isə bundan itirən ilk növbədə ermənilər özləridir. 

Bu ilin statistikasına görə, Rusiyaya ən çox miqrant axını baş verən ölkələrin ilk üçlüyündə Ermənistanın yer alması faktı da bunu təsdiqləyir”.