Müdafiə nazirinin istefasının səbəbləri var

Samir Hümbətov: "Ukrayna ordusunun 40 faizi Rusiya meyillidir"

Ukraynanın Müdafiə naziri Andrey Taran istefa verib. Bunu hökumətin Ali Radadakı sözçüsü Taras Melniçuk öz teleqram kanalında yazıb. Taran istefa ərizəsini Radaya təqdim edib. Qeyd edək ki, Andrey Taran 2020-ci il martın 4-dən müdafiə naziri vəzifəsində çalışır. Bundan öncə Ali Radadakı "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamia Taranın səhhətindən şikayəti olduğu və bununla bağlı nazirliyə başqa şəxsin rəhbərlik edə biləcəyini bildirib.

Donbasda Rusiyaya qarşı Ukraynanın hərbi əməliyyatlar apardığı bir vaxtda müdafiə nazirinin istefasının arxasında hər hansısa siyasi səbəb dura bilərmi? 

Mövzunu “Şərq”ə şərh edən politoloq Samir Hümbətov bunun gözlənilən addım olduğunu bildirib: 

“Çünki Rusiya Müdafiə Nazirliyinin heyətində olan generalların əksəriyyəti xaxol, yəni Ukrayna əsillidir. Rusiyanın Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərinə, zabitlərinə mümkün təsirlərini də nəzərə almaq lazımdır. Hazırda Ukraynada hakimiyyətlə ordu arasında Rusiyaya qarşı müharibəyə başlayıb-başlamamaq mövzusunda fikir ayrılığı hökm sürür. 

Bir tərəfdə qərbin dəstək verdiyi hökumət, digər tərəfdə isə Rusiya ilə daha sıx əlaqədə olan Müdafiə Nazirliyinin hərbi heyəti dayanır. Bildiyimiz kimi 2014-cü ildə də Krım ilhaq olundu. Ukraynanın Donbas, Luqansk,  Donetsk əraziləri Rusiyanın vasitəsilə əldən getdi. Çünki ordu  pərakəndə idi. Eyni zamanda ordunun  qırx faizə qədəri Rusiya yönümlü idi. Bu səbəbdən həmin ərazilər itirildi”. Hazırda Ukrayna Müdafiə Nazirliyində əksəriyyətin Rusiya  meyilli qüvvələr olduğunu vurğulayan politoloq əlavə edib: “Görünür ki, mümkün müharibə senarisi gözdən keçirilib. Müharibəyə başlama ehtimalı yuxarı olduğundan  müdafiə naziri bu məsuliyyəti üstündən atmaq üçün ən yaxşı halda istefa verib getməli olduğunu düşünüb. 

Fikrimcə, məsələ burdan qaynaqlanıb. Müdafiə nazirinin səhhətində problem olması bəhanə xarakteri daşıyır”.